Coğrafiya İnstitutu: Xəzərdə suyun səviyyəsinin sürətlə aşağı düşməsi səhralaşma meylini gücləndirəcək
Son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb.
Bu barədə "Report"a AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilmiş və nəticədə geniş ərazi kontinental rejimə keçib.
Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilmiş və 1:25000 miqyaslı xəritə tərtib edilib. Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Məlumata görə, dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək və sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaq.
Coğrafiya İnstitutundan bildirilib ki, Kür-Araz ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirib: "Məsələn, Bolqarcay üzərində yaradılmış su anbarında son 6-7 il ərzində su yığmaq mümkün olmamış və hazırda su anbarı öz funksiyasını itirib".
Qeyd olunub ki, Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir. Bu isə yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır. Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin artmasına və son nəticədə, səhralaşmış yararsız torpaqların genişlənməsinə səbəb olacaq.
Son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə inkişafı kimyəvi dərmanlardan istifadəni intensivləşdirib. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi elementlərin miqdarı artıb. Bu da kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır.
Qarabağ düzünün unikal landşaftlarından olan Sultanbud saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət