Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verildi
İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, bununla bağlı oktyabrın 10-da Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə regionlarının davamlı və tarazlı sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən uğurlu siyasət, reallaşdırılan müasir infrastruktur layihələri, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə görülən işlər, özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin kəndin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayan Sahib Məmmədov inkubator məntəqəsinin istifadəyə verilməsinin kənd sakinlərinin quşçuluq sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda reallaşdırılan layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə töhfə oluğunu qeyd edib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Maykl Heninq "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində regionlarda, o cümlədən Cocuq Mərcanlıda icra olunan icma əsaslı iqtisadi layihələr barədə məlumat verərək, Azərbaycan Hökuməti ilə bu sahədə uğurlu əməkdaşlığı vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət