Dərc edildi: Baxış sayı: 735
Çinin Tacikistandakı hərbi bazası nə mənaya gəlir?
Bu yaxınlarda nüfuzlu KİV-lər Çinin Tacikistanda bir hərbi bazaya nəzarət etdiyi və bununla Çinin Mərkəzi Asiya boyunca maraqları və strateji proseslər üçün pəncərə açdığı ilə bağlı xəbər yaydı. Lakin Çinin Əfqanıstanın Vaxan dəhlizində ikinci bazası yerləşmiş ola bilər. Çin qüvvələri 2017-ci ildən etibarən, təxminən Tacikistandakı bazanın işə düşməsi ilə eyni vaxtdan etibarən buradadılar. Yeni kəşf edilmiş baza Cibutidəki baza və Əfqanıstanda olduğu ehtimal edilən baza ilə birlikdə Çin Xalq Azadlıq Ordusu daxilindən meydana gələn və Çinin sərhədlərindən kənarda hərbi gücünü proyeksiya etməsini nəzərdə tutan təzyiqləri əks etdirir.
Tacik-Əfqan sərhədindən 12-14, Tacik-Çin sərhədindən isə 30 kilometr məsafədə yerləşən baza Çindən Mərkəzi Asiyaya giriş nöqtəsinə nəzarət edir. O, həm də Əfqanıstandakı Vaxan dəhlizinə yaxındır. Həyati əhəmiyyətə sahib bu dəhliz Çinin Kəmər və Yol Təşəbbüsü üçün açardır. Peyk görüntüləri burada helikopterlərin fəaliyyət göstərdiyini və bazanın təqribən batalyon ölçülü qüvvəni saxlamaq üçün uyğun olduğunu ortaya qoyur. Bu faktlar özlüyündə adıçəkilən təşəbbüs proqramı ilə onun strateji-siyasi məqsədləri arasındakı əlaqəni qabardır.
Çinin Əfqanıstan və Mərkəzi Asiya ilə hərbi əməkdaşlığı 2016-cı ilə dayanır. Tacikistan və Əfqanıstandakı (ehtimal edilən) bazaların qurulması da güman ki, 2016-2017-ci illərə təsadüf edir. Əslində 2016-cı ildə Çin Tacikistan, Pakistan və Əfqanıstanla birlikdə kəşfiyyat məlumatlarının paylaşılması və terrorla mübarizənin birgə təşkili məqsədilə Dördtərəfli Əməkdaşlıq və Koordinasiya Mexanizmi Qurdu. Faktiki olaraq Pentaqon Çinin Pakistanda da bazaya sahib olduğunu güman edir.
Bu bazalar Çinin qeyri-hərbi məqsədləri və onun təhdid dəyərləndirməsini də əks etdirir. Çin Kəmər və Yol Təşəbbüsü çərçivəsində Mərkəzi Asiyaya milyardlar xərclədiyindən təbii olaraq bu investisiyanı mühafizə etmək ölkənin siyasi addımlarında daha üstə çıxır. Pekin uzun müddətdir düşünür ki, Xincianq və Mərkəzi Asiyanın iqtisadi inkişafı Uyğur etno-millətçiliyinin səfərbər olunmasına qarşı ən yaxşı cavabdır.
Xarici ölkədə hərbi bazaların mövcudluğu mütləq şəkildə həmin ölkədə strateji və geosiyasi vəziyyəti dəyişir. Tacikistan bundan sonra Çinin təzyiqlərinə qarşı daha həssas ola və öz suverenliyini Çinə daha çox güzəştə gedə bilər. Mərkəzi və Cənubi Asiyadakı digər dövlətlər də eyni vəziyyətlə üzləşə bilər. Bu trendlərin nəticəsini dəqiq olaraq təxmin edə bilməsək də, ev sahibi ölkələr üçün müəyyən problemlərin ortaya çıxa biləcəyini görmək mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət