Çimərliklərlə bağlı qaydalar sərtləşdirilir
İradə İbrahimova: “Hazırda dənizi çirkləndirən obyektlərlə bağlı sənədlər hazırlanır və müvafiq protokollar təsdiq olunduqdan sonra çirkləndiricilər cərimə olunacaq”
Çimərliklərin hasarlanması, dənizin çirklənməsi məsələsi gündəmdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər həftə çimərliklərdə aparılan monitorinqlərin nəticələri açıqlanır. Məlum olur ki, Bakıda və eləcə də Abşeronda çimərliklərin bir qismindən istifadə etmək məqsədəuyğun deyil. Səbəb Xəzər dənizinin çirkləndirilməsidir.
Ekspertlər bildirirlər ki, bu işlərdə xüsusilə də bələdiyyələrin üzərinə məsuliyyət düşür. Çünki bələdiyyələr və icra qurumları onlara aid olan ərazilərə demək olar ki, nəzarət etmirlər. Bəzi hallarda isə onların özünün icazəsi ilə ətraf mühit çirkləndirilir, qanundankənar addımlar atılır. Məsələ ilə bağlı çimərlik başlamadan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sahibkarlara xəbərdarlıqlar edilib, müvafiq qurğuların quraşdırılması tapşırılıb.
Bəs hazırda çimərliklərdə vəziyyət necədir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb:
“Analizlərin nəticələrinə görə Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zağulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.
Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil. Qeyd edək ki, budəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur. Xəzərin şimal və cənub bölgələrində də monitorinqlər aparılıb. Nəticəyə görə əvvəlkindən fərqli olaraq bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir, ona görə də çimərlik üçün qənaətbəxş deyil".
Bildirilib ki, Novxanı, Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin bu dəfə çirkli çıxmasına səbəb sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.
Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Yeni Müsavat”a söyləyib ki, artıq xeyli vaxtdır ki, nazirlik Xəzəri çirkləndirənlərə qarşı mübarizəyə başlayıb:
“Dəfələrlə dəniz kənarında iaşə xidməti göstərən sahibkarlara, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət etmişik ki, obyektlərində və evlərində formalaşan tullantı sularını dənizə axıtmasınlar.
Hələ çimərlik mövsümü başlamamışdan xeyli əvvəl obyekt sahiblərinə mətbuat vasitəsilə çağırışlar etdik, həm də xəbərdarlıq və tövsiyə məktubları göndərdik ki, çimərlik mövsümünə kimi tullantı sularının təmizlənmədən Xəzərə axıdılmaması üçün təmizləyici qurğular quraşdırsınlar.
Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına səslənirik ki, onlar da bu işdə fəal olsunlar. Çünki bu obyektlər onların ərazisində fəaliyyət göstərir, bu ərazilər onlara məxsusdur. Öz dənizimizi niyə bu günə qoyuruq? Nə vaxta qədər bu işə belə biganə münasibət göstəriləcək?"
İ. İbrahimova bildirib ki, artıq çimərlik mövsümüdür və əhali çimərliklərin hansının çimərlik məqsədilə qənaətbəxş olmadığından xəbərdardır:
“Dəfələrlə vətəndaşlarımıza suyu çirkli olan çimərliklərlə bağlı məlumatlar vermişik və həmin çimərliklərə getməməyi tövsiyə etmişik. Bunun səbəbi də hamıya məlumdur, dənizi çirkləndirənlərə də. Təmizlənməmiş suyu dənizə axıtmaqda, sağlamlığımıza, təbiətimizə zərər verməkdə davam edirlər. Hamımız bilirik ki, bunu edənlər özümüzük, bizim qonşumuz, dostumuz, qohumumuzdur. Nəyə görə Xəzəri çirkləndirənlər ictimaiyyət tərəfindən qınaq olunmur? Əgər dənizə tullantı sularının tökülməsi davam edərsə, qarşıdakı illərdə təmiz çimərlik olmayacaq. Bu işdə bizə sizin, hamının dəstəyi lazımdır. Bir daha müraciət edirik ki, tullantı sularının dənizə tökülməsinə yol verməyin. Bununla öz yaxınlarınızın səhhətinə təhlükə yaratmış olursunuz".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət