Ceyhun Bayramov videokonfrans formatında Nazirlər Görüşünə qatılıb
Sentyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin videokonfrans formatında keçirilən illik Nazirlər Görüşündə iştirak edib.
XİN-dən verilən məlumata görə, Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupuna sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə “COVID-19 dövründə Vyana Fəaliyyət Proqramının sürətləndirilmiş şəkildə həyata keçirilməsi və Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə davamlı inkişafa nail olmaq üçün tərəfdaşlıq” mövzusunda keçirilən bu görüşün açılış sessiyasında Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır və BMT-nin Baş katibi Antonio Quterreş çıxış ediblər. Tədbirin ümumi müzakirələrində 28 ölkə və beynəlxalq təşkilatın nümayəndəsi iştirak etmişdir.
C.Bayramov COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər, eləcə də bu xüsusda qlobal müstəvidə səylərin gücləndirilməsi üçün Azərbaycanın verdiyi töhfə barədə tədbir iştirakçılarına məlumat verib. Pandemiya zamanı Azərbaycanın regional əməkdaşlığa mühüm əhəmiyyət verərək təchizat axınını dayandırmadığı vurğulanıb.
Nazir tərəfindən Azərbaycanın bölgədaxili və bölgələrarası nəqliyyat əlaqələndirmə layihələri, o cümlədən Avrasiya məkanı boyunca tranzit imkanlarını artırmağı hədəf alan əsas infrastruktur layihələri, eləcə də ölkəmizdə həyata keçirilən nəqliyyat sektorunun infrastrukturunun modernləşdirilməsi barədə məlumat verilib.
C.Bayramov tədbir iştirakçılarının diqqətini Ermənistanın cari ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatına cəlb edərək bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf aldığını vurğulayıb. Bu infrastrukturun yalnız Azərbaycanın iqtisadi davamlılığı üçün deyil, geniş Avrasiya bölgəsi üçün əhəmiyyət kəsb etdiyi iştirakçıların nəzərinə çatdırılıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb.
Qeyd ed'k ki, Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu sözügedən ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb. Qrupda Azərbaycan da daxil olmaqla, 32 ölkə təmsil olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət