Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Qurbanəli bəy (III hissə)

Cəlil Məmmədquluzadə - Qurbanəli bəy (III hissə)
Sakura

Cəlil Məmmədquluzadə - Qurbanəli bəy (III hissə)

Kərbəlayı Qasım çıxdı eşiyə.

Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdən bir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi:

- Bu xəncəli soxaram sənin qarnına!

Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi:

- Niyə, başına dönüm, ağa?

Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi:

- Kimin hünəri var Əli bişirən plovu bişirsin?!

İki saatdan sonra ağa və nökər yetişdilər kəndə. Kəndin içindən üç-dörd köpək hürə-hürə hücum çəkdilər Qurbanəli bəyin üstünə. At hürküb özünü verdi bir tərəfə, az qaldı bəyi salsın yerə. Qurbanəli bəyin börkü düşdü yerə və Kərbəlayı Qasım özünü atdan salıb ağasının börkünü qalxızıb verdi bəyə. Qurbanəli bəy xəncərini sıyırıb, atını sürdü itlərin üstünə. İtlər başladılar qaçışmağa.

Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib, xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi:

- Əli, bu xəncəli soxaram qarnına!

Nökər cavab verdi:

- Ixtiyar sənındi, aga!

Sonra bəy atdan yenib girdi həyətə və pilləkəni qalxıb girdi otağa. Bəyin qaravaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi:

- Ay ağa, nə gec gəldin? Xanım səndən ötrü çox niyaran oldu.

Bəy xəncərin tiyəsini arvada göstərib dedi:

- Gülpəri, bu xəncəli soxaram sənin qarnına!

Arvad dinmədi və çəkildi kənara. Bəy о biri otağa girib, gördü ki, arvadı paltarlarını soyunmamış dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O, xəncərin tiyəsini arvadının üstünə qalxızıb dedi:

- Bu xəncəli soxaram sənin qarnına!

Arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana, bir az su içdi və uzandı yerinə.

Bəyi yuxu tutdu.

Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb; yavaşca paltarını geyib çıxdı eşiyə. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub, arpa təmizləyirdi ki, aparıb versin atlara.

Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samavara kömür salırdı. Həyətin bir tərəfində toyuq-cücələr dən yeyirdilər və sərçələr hərdənbir dəstə ilə toyuq-cücələrin yanına yenib başlayırdlar dənlərdən yeməyə; amma bir səs eşitcək genə dəstə ilə qalxırdılar tut ağacına.

Qaravaş xanımı görcək əlində süpürgə getdi xanımın yanına, salam verdi. Xanım gözlərini ova-ova soruşdu ki, bəy nə vaxt gəlib yatdı? Qaravaş cavab verdi ki, gecədən çox keçmişdi ki, gəldi. Xanım Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım tövlədən çıxıb tez gəldi və baş yendirib durdu xanımın qabağında. Xanım Kərbəlayı Qasımdan soruşdu ki:

- Niyə belə gec gəldiniz? - Kərbəlayı Qasım cavab verdi:

- Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik. - Xanım genə soruşdu:

- Pristavın qonağı çox idimi?- Kərbəlayı cavab verdi:

- Bəli, xanım, çox idi. - Xanım soruşdu:

- Kim idilər qonaqlar? - Kərbəlayı Qasım cavab verdi:

- Ay xanım, nə bilim, bir çoxlu böyük adamlar idi. Çoxlu xanım idi. Naçalnik özü də orada idi. Çox adam vardı. - Xanım genə soruşdu:

- Kəblə Qasım, xanımlar da elə kişilərnən bir yerdə oturmuşdular, уa ayrı oturmuşdular? - Kərbəlayı Qasım cavab verdi:

- Yox, elə hamısı qanşmışdı bir-birinə. Qaravaş bu sözləri eşitcək öz-özünə dedi:

- Bıy, aman Allah!

Xanım oturdu pilləkənin pilləsinin üstündə, Kərbəlayı Qasımı bir az yavığa çağırdı və dedi:

- Sən Allah, Kəblə Qasım, nağıl elə görək qonaqlıq necə keçdi, qonaqlara nə verdilər, ağan nə qayırırdı, kimnən danışdı, nə danışdı? Sən Allah, Kəblə Qasım hamısını nağıl elə.

Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzının və burnunun suyunu sildi. Tövlədən atlar başladılar bir-birinin üstünə çığırışmağa və Kərbəlayı Qasım üzünü tövləyə tutub çığırdı:

- Buna bax ha! - Xanım genə Kərbəlayı Qasıma dedi:

- Sən Allah, Kəblə Qasım, nağıl elə, görək.

Kərbəlayı Qasım cavab verdi:

- A xanım, dəxi nə deyim? Çox qonaq vardı. Nəçəlnik də orda idi.

Xanım genə Kərbəlayı Qasımdan soruşdu:

- Kəblə Qasım, urus arvadları bə kişilərnən nə danışırdılar?

Kərbəlayı Qasım cavab verdi:

- Xanım mən nə bilim ki, nə danışırdılar? Mən onların axı dilini bilmirəm ki?

Xanım genə soruşdu:

- Kəblə Qasım, doğrusunu de görək, ağan da urus arvadlarıynan danışdımı?

Kərbəlayı Qasım genə üzünü tövləyə tutub, çığırdı atların üstünə və xanıma cavab verdi:

- Ağam urus arvadlarıynan az danışdı; amma nəçəlniknən çox danışdı.

Aşpaz Əli samavarı gətirdi və çıxarıb qoydu pilləkənin üstə. Qaravaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünə və samavarı qalxızıb apardı evə. Aşpaz Əli yenib durdu xanımın qabağında və soruşdu:

- Xanım, bu gün nə pişirim? Xanım qaravaşı çağırıb dedi:

- Bə Qurbanəli bəy gecə demədi ki, nə pişirək?

Qaravaş əlində çay qabı xanımın yanına gəlib cavab verdi:

- Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün.

Xanım təəccüb elədi və dedi:

- Yaxşı, yaxşı, elə danışma! Dəli olmamısan ki!

- Vallah, a xanım, ağam evə girən kimi xəncəlini çıxartdı və mənə dedi: "Xəncəlnən səni öldürərəm!".

Xanım bir qədər dinmədi və üzünü tutdu Kərbəlayı Qasıma:

- Kəblə Qasım, ağan niyə hirslənmişdi? Kərbəlayı Qasım cavab verdi:

- Ağam heç zada hirslənməmişdi. Ancaq kəndə yetişəndə köpək oğlunun itləri töküldülər üstümüzə və atlarımızı hürkütdülər.

Xanım durdu ayağa və dedi:

- Kəblə Qasım, yəqin ağan genə keflənmişdi. - Kərbəlayı Qasım cavab verdi:

- Xeyr keflənməmişdi.

Xanım girdi içəri və yavaşca Qurbanəli bəyin yanına yaxınlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə və aşpaz Əliyə on altı qəpik verib dedi:

- Əli, get, iki girvənkə ət al gətir, bozbaş pişir!

Əli pulları aldı və dedi:

- Baş üstə.

Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə.

Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım həyətdə oturmuşdu tut ağacının dibində və hərdənbir daş götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu və hərdənbir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasımın yanına və başladı tutları seçib yeməyə. Bir az keçdi xanım da gəldi bunların yanına və başını qalxızıb, bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, bir az tut silkələyib töksün. Qaravaş evdən bir çarşov gətirdi. Aşpaz Əli də bunların yanına gəldi və dedi:

- Siz çarşavı tutun, mən çıxım silkələyim.

Əli çıxdı ağaca. Xanım, qaravaş və Kərbəlayı Qasım çarşovu tutdular və Əli ağacın budağının birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldü çarşava. Budağa bir iki təpik vurandan sonra Əli qalxdı bir az da yuxarı. Ağacın başından kəndin ətrafı əl içi kimi görünürdü. Bir tərəfdə düzülmüşdülər "Sapıç" dağları, dağların ətəyində "Sapıç" kəndi aşikar görünürdü. Kəndin aşağısında "Əhmədxan gölü" ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan "Qapazlı" kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri. Bax, görürsən, gah burada, gah orada kotanlar və cütlər şum yerləri sürürlər.

Həmin tamaşagaha bir qədər nəzər salandan sonra Əlinin gözünə bir belə şey də sataşdı: Hacı Heydər dəyirmanın yanında kəndə sarı bir dəstə atlı gəlirdi. Əli əvvəl buna qulaq asmadı və başladı budağın birini silkələməyə. Amma sonra genə diqqət saldı və gördü ki, atlılar kənd əhlinə oxşamırlar. Bunu görüb, Əli üzünü tutdu aşağı və dedi:

- Kəblə Qasım, kəndə çoxlu atlı gəlir; amma kəndliyə oxşamırlar. Kəblə Qasım, xanım və qaravaş bir qədər baxdılar bir-birinin üzü

nə. Xanım dilləndi:

Kəblə Qasım, çıx aşpazxana damına, gör neçə atlıdılar?

Kərbəlayı Qasım gedib qalxdı alçaq divara, oradan qalxdı aşpazxana damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa.

Kəndin yavığında Kərbəlayı Qasımın gözünə əvvəl iki atlı göründü. Bunlar atlarını bərk çapırdılar. Dəxi bunlardan savayı yolda bir şey görünmürdü. Amma bir qədər keçdi, "Mərəzə"nin yanında söyüd ağaclarının dalından bir dəstə atlı çıxdı. Bunların içində naçalnik və pristavların düymələri və xanımların şlyapaları aşkar bilinirdi. Kərbəlayı Qasım tez yendi aşağı, qaçıb gəldi xanımın yanına və tövşüyə-tövşüyə dedi:

- Xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlardı. - Xanım çarşovun ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma yavıq və dedi:

- Dünənki qonaqların burda nə işləri var?

Kərbəlayı Qasım əllərini qoydu bir-birinin üstünə və cavab verdi:

- Mən nə bilim, a xanım?

Bu heyndə küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tappıltısı. Və bir az keçdi, küçə qapısı döyüldü.

Xanım qaçdı içəri və pəncərədən küçəyə baxıb gördü ki, küçə doludur atlılarla; hamısı rus qulluqçuları və rus xanımları. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib dayanıb qapıya.

Xanım tez qaçdı eşiyə və Əlini çağırıb dedi: . - Get, de ki, ağa evdə deyil.

Əli qaçdı küçə qapısına və xanım qaçdı evə, Qurbanəli bəyi oyatdı. Bəy "a...a..." eləyib çöndü о biri səmtə, arvadı dedi:

- A kişi, dur, dünənki qonaqlar gəliblər bizə.

Qurbanəli bəy genə "a., a.. " eləyib gözlərini açdı və arvadına dedi:

- Cəhənnəm ol! - və genə gözlərini yumdu.

Arvadı genə dedi. Qurbanəli bəy gözlərini açıb, qalxdı oturdu və soruşdu:

- Nə deyirsən?

Arvadı sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın о tərəfınə-bu tərəfınə, arvadına dedi:

- Qoy desinlər ağa evdə deyil.

Arvadı genə çıxdı eşiyə və bəy mələfəni götürüb çarşav kimi saldı başma, çıxdı həyətə, qaçıb soxuldu tövləyə və girdi atın axuruna.

Nökərlər qonaqlara dedilər:

- Ağa evdə deyil.

Naçalnik bu cavabı eşidib təəccüb elədi; habelə qeyri qonaqlar mat qaldılar. Kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxardıb papirosunu yandırdı və nökərlərdən soruşdu:

- Bəy hara gedib ki, evdə deyil? - Nökərlər cavab verdilər:

- Bilmirik.

Naçalnik bir qədər dinməyib genə soruşdu:

- Bəs о ki özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırdı?

Nökərlər cavab verdilər ki:

Bılmirik.

Xanımların biri bir stəkan su istədi. Kərbəlayı Qasım qaçdı evdən kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki:

- Dəxi niyə dururuq, qayıdaq gedək.

Naçalnik də buna razı oldu; amma Kərbəlayı Qasıma üzünü tutub soruşdu:

- Bəyin atları tövlədədir?

Kərbəlayı Qasım dedi:

- Bəli.

Bu heyndə tövlədə atların biri başladı kişnəməyə. Naçalnik yoldaşlarına belə təklif elədi:

- Çox əcəb. Biz bu qədər yolu zəhmətlə gəlmişik; barı heç olmasa bəyin atlarına baxaq, sonra qayıdaq.

Yoldaşları razı oldular. Naçalnik genə Kərbəlayı Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım dedi:

- Buyurun!

Naçalnik, iki pristav, mal həkimi, xanımların ikisi və kazak əfsəri girdilər həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb, qaçdı soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi:

- Bu elə bəyin dünənki atıdır.

Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib Kərbəlayı Qasımdan soruşdu:

- Budurmu bəyin tərifli atı? –

Kərbəlayı Qasım dedi:

- Bəli.

Qonaqlar başladılar atın о tərəfinə bu tərəfınə dolanmağa. Naçalnik axura tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Axura yaxınlaşan kimi naçalnik dik atıldı və çığırdı:

- Ax, çort vozmi!

Axurun içində guya kəfənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdü. Bunu görcək naçalnik çəpik çalıb, qəh-qəh çəkib güldü və dedi:

- A.. .a.. .a.. rəfiq, sən burda imişsən!!...

Qonaqlar da bir-bir gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda.

Qurbanəli bəy yerindən heç tərpəşmədi.

Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR