Slimfit
  1. BİOQRAFİYA

Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə
Sakura

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu - azərbaycanlı yazıçı, jurnalist, ictimai xadim. Böyük satirik,…

Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəmkəndlərində müəllimlik etmişdir (1887-1897).Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1895-ci ildə yayında Moskvaya və Peterburqa getmiş, bu şəhərin mədəni həyatı ilə tanış olmuşdur. Naxçıvanda və İrəvandamüxtəlif hüquq idarələrində çalışmışdır. 1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərli-nin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

 

Elmi fəaliyyəti

1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. C. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. 1904-cü il noyabrında C. Məmmədquluzadənin "Şərqi-Rus" qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ildə "Şərqi-Rus" bağlandığı zaman Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, ona " Qeyrət" adı vermişdir. 1905-1907-ci illərdə C. Məmmədquluzadənin ilk kitabçaları, ("Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "İranda hüriyyət" ) "Qeyrət" mətbəəsində nəşr olunmuşdur. Həmin ildə C. Məmmədquluzadə Tiflisdə uşaqlar üçün məktəb və pansion açmışdı. 1905-ci ildə "Kavkazski raboçi listok" qəzetində Cənubi Azərbaycandan gəlmiş fəhlələrin ağır həyatını təsvir edən "Binəsiblər" və "Xeyirdua" məqalələri ilə çıxış etmişdi. C. Məmmədquluzadə həmin ildə "Novruz" adlı gündəlik qəzet çıxarmağa icazə alsa da, azadlıq hərakatının təsiri ilə mübariz satira orqanı nəşr etməyi daha münasib bildi.

 

İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə "Molla Nəsrəddin məktəbi" adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar. "Molla Nəsrəddin" "Suri-İsrafil" (Azərbaycan), "Nəsimi-şimal" (İran), "Cəm" (Türkiyə), "Uklar" , "Yəşen" (Tatarıstan), "Tokmaq" (Türkmənistan), "Sinək" (Krım) və s. satirik jurnallar üçün örnək oldu. Ə. Lahuti, A. Turkay, M. Dehxuda, Ə. Gilani "Molla əmi"ni özlərinə müəllim və ustad seçmişdilər. Jurnalın Rusiyadan başqa Asiya, Avropa və Amerikanın bir sıra ölkəsində də abunəçiləri var idi. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı."Molla Nəsrəddin" jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

 

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş və 1921-ci ildə orada Molla Nəsrəddinin 8 nömrəsini çap etmişdir. 1922-ci ildə "Molla Nəsrəddin"in nəşrinin burada davam etdirmişdir. "Yeni yol" qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, "Maarif və mədəniyyət", "Yeni kənd", "Şərq qadını" (indiki "Azərbaycan qadını") və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir. 20-ci illərin ikinci yarısından tibarən C. Məmmədquluzadənin həyatında ciddi sarsıntılar dövrü başlanmışdır. Onun baş redaktoru olduğu "Molla Nəsrəddin" jurnalına ciddi senzura nəzarəti qoyulmuş, jurnalın nəşri üçün ayrılan dövlət vəsaiti (dotasiya) azaldılmışdı. Hətta "Molla Nəsrəddin" jurnalının Mübariz Allahsızlar Cəmiyyətinin orqanı kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdi. Bir çox dövlət səviyyəli toplantılara, ədəbi-mədəni tədbirlərə dəvət edilməməsi, dövri mətbuatda haqqında çap olunan yersiz tənqidi məqalələr də böyük demokrat ədib üçün gözlənilməz mənəvi-zərbələrə çevrilmişdir. Bütün bunlar yazıçının sağlamlığını ciddi surətdə sarsıtmışdı. Cəlil Məmmədquluzadə 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda (dram, hekayə, povest, şeir, publisistika, ədəbi tənqid, xatirə və s.) yazdığı əsərləri ilə realist Azərbaycan ədəbiyatının yeni, yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdı. C. Məmmədquluzadə ədəbi və estetik görüşlərində realizmin ardıcıl tərəfdarı, mübariz təbliğatçısı və nəzəriyyəçısi idi. M. F. Axundovənənələrinə əsaslanan C. Məmmədquluzadə sənətdə mücərrədliyə, formalizm təzahürlərinə, bitərəflik və ideyasızlıq meyllərinə qarşı kəskin mübarizə aparırdı. Ədəbiyyatı və mətbuatı bütün xalqın, hətta sadə, savadsız, avam adamların malı etmək onun əsas yaradıcılıq qayələrindən idi. O, "qələmlə təşəxxüs satan" məsləksiz yazıçıları - "şeir bülbülləri"ni hiddətlə tənqid edirdi. Hələ "Danabaş kəndinin əhvalatları" povesti və ilk hekayələri ilə C. Məmmədquluzadə tənqidi realizm yolunu tutmuşdu. Bu əsərlərdə o zamankı Azərbaycan kəndində hökm sürən feodal-patriarxal münasibətlər, çar məmurlarının və din xadimlərinin özbaşınalığı, şüurlarda və məişətdəki gerilik, mövhumat və xürafat, qadınların acınaclıq taleyi, tərəqqi və dirçəlişə çağıran böyük vətəndaş yanğısı ilə qələmə alınmışdı. C. Məmmədquluzadə öz qələm və məslək dostları ilə birgə Azərbaycan satirasını daha da inkişaf etdirərək, ona demokratik məzmun verdi. Onun " Poçt qutusu" (1905), "Usta Zeynal", "İranda hürriyyət" (1906), "Qurbanəli bəy" (1907) kimi hekayələri, məşhur "Ölülər" mühitinin rəzalətlərini nifrətlə damğalamış, işıqlı həyat haqqında arzuların tərcümanı olmuşdur. İlk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulan "Ölülər" komediyası "baltanı dibindən vuran" (Ü. Hacıbəyov), "İdeyası inqilabi" (N. Nərimanov) bir əsər kimi hərarətlə qarşılanmışdı. C. Məmmədquluzadənin yaradıcılığında milli şüur, mənsub olduğu xalqın müstəqilliyi və taleyi ("Anamın kitabı",1919), ailə məktəb tərbiyəsi, ümumiyyətlə, marifçilik ideyaları ("Danabaş kəndinin məktəbi", 1921) və s. problemlər də geniş yer almışdı. Erməni və Azərbaycan münaqişəsi mövzusunda yazılmış birpərdəli "Kamança" (1920) pyesində xalqımızın dərin humanizmini böyük sənətkarlıqla təcəssüm etdirmişdir. "Dəli yığıncağı" (nəşri 1936) komediyasında feodal-patriarxal münasibətləri, fantizm kəskin tənqid atəşinə tutulur. Bədii yaradıcılığda da olduğu kimi, publisistikasında da əsasən, satirik janrlardan istifadə etmişdir. O, çarizm, sosial ədalətsizlik, fantaizm, xurafat, cəhalət və nadanlıq, Qərb inperailzmi və Şərq istibdadı əleyhinə çevrilmiş yüzlərcə publisistik məqalə , fleyton və satirik miniatürün müəllifidir. Həmçinin, müxtəlif satirik təsvir üsulları ilə II Nikolay, Məmmədəli şah, Sultan Əbdülhəmid, Kayzer Vilhelm və b. "böyükləri ifşa edirdi. Digər dünya demokrat yazıçıları və M. F. Axundov məzlumlar ələ, "dəyənək" almağa, zalımlara qarşı qəti mübarizə aparmağa çağırırdı. "Cümhuriyyət" (1917) adlı əsərində xalq hakimiyəti, demokratik respublika tələbi irəli sürülürdü.

 

C. Məmmədquluzadənin publisit əsərlərində milli məsələdən, İran və Türkiyə inqilablarından, qadın azadlığı, maarif, ədəbiyyat, incəsənət, ana dili və s. ictimai-mədəni tərəqqi problemlərindən bəhs edilir, qabaqcıl fikirlər yürüdülürdü. Çoxcəhətli, dərin bilik sahibi olan ədib Datvin, Epikür, və Sokrat, Şekspir və Şiller, Kant və Spinoza, Holbax və Leybnits, Qlinka və Bethoven, Derjavin və Puşkin, Zərdüşt və Mani, müxtəlif siyasi, fəlsəfi, dini, sosioloji cərəyanlar haqqında yazmış, mürtəce ideyaları rədd etmiş, Bəşər dühasının mühüm nailiyyətlərini təbliğə çalışmışdır. 1922-1930-cu illərdə C. Məmmədquluzadə "Molla Nəsrəddin"i mübariz mətbua orqanlarından birinə çevirmək üçün səylə çalışmış, gənc yazıçı və rəssamların böyük bir nəslini satirik jurnalistika sahəsində işləməyə hazırlayırdı. Jurnalın bu illərdə çıxan nomrələrində C. Məmmədquluzadə satiraya yeni ictimai məzmun vermək məqsədi ilə ciddi yaradıcılıq axtarışları aparırdı. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını janr və formaca da zənginləşdirmişdir. Xüsusilə də, kiçik hekayənin böyük ustadı hesab edilirdi. Hekayələri sosial mətləbləri son dərəcə yığcam formada, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri sırasında durur. C. Məmmədquluzadənin zəngin bədii irsi, "Molla Nəsrəddin" jurnalı təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, maarifçi-demokratik hərəkkatın inkişafına təsir göstərmişdir.

 

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

 
Cəlil Məmmədquluzadənin 25 il redaktoru olduğu "Molla Nəsrəddin" jurnalının üz qabığı (1906)

 

Şəcərəsi

  • Baba
    • Hüseynqulu (1808-?)
      • Məşədi Məmmədqulu (1836-1905)
        • Cəlil Məmmədquluzadə (1868-1932)

 

Dini görüşləri

Cəlil Məmmədquluzadənin dini görüşləri, ümumiyyətlə, mübahisə doğurur. Bəzi mənbələrə görə o ateist, bəzi mənbələrə görə isə sadəcə müsəlman demokratizminin tərəfdarı olmuşdur. Amma bu dəqiqdir ki, o öz əsərlərində dövrünün ekstremist düşüncələrinə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı kəskin tənqidi fikirlər səsləndirmişdir.[6][7]

 

Əsərləri

  • Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. I cild. Nəsr, dram əsərləri, satirik şeirlər, tərcümələr
  • Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. II cild. Felyeton və məqalələr
  • Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. III cild. Felyeton və məqalələr
  • Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. IV cild. Memuarlar, məqalələr, məktublar 

 

Haqqında çəkilən film

  1. Cəlil Məmmədquluzadə (film, 1966)

 

Əsərləri üzrə çəkilən filmlər

  1. Poçt qutusu (film, 1967)
  2. Quzu (film, 1967)
  3. Qəm pəncərəsi (film, 1986)
  4. Pirverdinin xoruzu (film, 1987)
  5. Qurbanəli bəy (film, 1989)
  6. O dünyadan salam (film, 1991)
  7. Lal (film, 1992)
  8. Anamın kitabı (film, 1994)
  9. Nigarançılıq (film, 1998)
  10. Lal (film, 2003)
  11. Oyun (film, 2003)
  12. Sirkə (film, 2003)
  13. Kefsiz (film, 2003 )

 

Əsərləri

 

Məqalələri

 

Hekayələri

 

Şeirləri

 

Dramları

 

Povestləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR