Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Əhməd və Qumru

Cəfər Cabbarlı - Əhməd və Qumru
Sakura

Cəfər Cabbarlı - Əhməd və Qumru

I
Əhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışır bir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcığaz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhlarını, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qollan gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmiş bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif ol¬duğu üçün nerəyə qonacağın bir dürlü kəsdirməgən və xəfif cik-ciklərlə şaşqıncasma ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu. Qızlar şəhərə yaklaşırkən çadralarına örtündülər. Sag olunuz! Sag olunuz - deyə, bəzən gülərək, bəzən düşüncəli hərə bir sokaka döndü. Şimdi Qumru yalnız, fəqət həminki çevikliyini itirməyərək yüyürür və tam qapılarına varırlarkən nə üçünsə bilməm çapuq bir hərəkətlə başını fırlayıb bir yarımdairə seyr etdi. Baxışları bir qədər uzaqdan gələn, dü¬şüncələrə batmış Əhməddə dayandı. İki baxış tam bir-birinə işlərkən Əhmədin yüzü saraldı. Qumrunun isə bilməm nədən bayaqkı oynaqlığı, bir dalğınlıqla ürkək baxışları süzgün və donuq bir baxışa dəyişdi. Bu hal yalnız bir qırpım sürdü. Ötəri qırpımda Qumru diksinmişlər gibi tərpənib yanaqlarında xəfif bir qızartı, dodaqlarında sanki məcburi bir təbəssüm bəlirərək başını fırladıb, içəri atılıb, qapılar arkasında görünməz oldu.

II
Hacı... pək varlı və yürəgi düz, əliaçıq idi. Şamaxıda hər kəs onu bilir və hörmət edərdi. Hacı... Qumruyu tək olduğu üçün pək sevər və heç bir şey üçün düşünməsinə, sıxıntı çəkməsinə yol verməyib istədiyini bilir və heç bir şeyi ondan əsirgəməzdi. Qumruyu hamı evdə sevər idi. Hələ çocuqluqdan bu çağa qədər ərköyün bəslənmiş və bayakdan gördüyümüz şux və qeydsizlik də, ehtimal ki, həmin ərköyünlüyün nəticəsidir... Odur ki, Hacı... heç düşünmədən “Varlığına lüzum yox, bir qızım var, o da bir oğlum olur", - deyə Əhmədin elçilərini yola salmışdır. İki gənc iki təsadüfdən sonra ilk baxışın ta sınırlarına qədər yerləşdiyi sevgi yalovları kəndilərini isidir və Hacının razılığından sonra gələcəklərini bir cənnət, kəndilərini isə birər mələk təsəvvür edib, ayrı-ayrl yakında olacaq toyu bəkləyirlərdi. Tam bu aralıq Şamaxıda məşhur Mart hadisatının gurultuları qopdu.

III
Axşamüstü hava bir qədər savuq, yerlər çamur ortaqı isə yürəksıxıcı bir alaqaranlıq bürümüşdü. Havanın tutqunluğu yürəgimi sıxdı. Sinemaya gedəyim, - deyə Nikolay sokakıyla ağır-ağır Olqinskiyə doğru yürüyordum. Sokaklarda adam pək az, səs yok, yalnız külək ruhları zəhərləyəcək iyrənc bir vuyultu ilə əsiyordi. Adətən, Bakının bir tozanakını, bir də palçığını görmək istəməm. Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş İsmailiyyənin önündən keçərkən xarabalıqlara, daha doğrusu əti tökülmüş baş iskletlərinə bənzər bu möhtəşəm bina, bu canavarlığın, bu cinayətin macərasını ərz edincə, bir çox kəsilmiş yoldaşlarım və bir çox müdhiş şeylər yadıma düşdü. Müdhiş mart - deyə gözlərimi yumdum. Yürəgim, ruhum, zehnim, əqlim, hissim, düşüncəm, bir kəlmə, vücudumda nə qədər hissedici şeylər varsa, hamısı inlədi. Başım kəndi-kəndinə köksümə sallandı. Daldım və dalğın-dalğın yürüyürdüm ki, "Ay qardaş, əsirəm, acam" - deyə bir həzin səs məni oyatdı. Başımı qaldırdım. Dörd addım qədər bəndən uzaq, təxminən 18 yaşlı sarı uçqun bənizli, qara irigözlü, utancaq və donuq baxışlı, arıq, fəqət nəcib simalı bir qızcığaz idi. Rəngi qaçmış ağ dodaqlarını şimdicə ağlayacaq gibi büzmüş, fəri qaçmış gözlərini qorkuyormuş, yaxud yalvarıyormuş, daha doğrusu, utanıyormuş gibi yarı örtmüş, yerlərə bakınaraq bəkliyordu. Və gözlərə sokuluyor qaraçı qızlarını görməz degiləm ha! Fəqət haniyə onlarda bu qədər süslü hərəkət, bu qədər utancaq və nəcib sima. İlk Baxışda qızcığazın nəcib və böyük bir ailədən olduğuna və çarəsizlikdən dilənçiliyinə hökm etdiyim gibi yüzcikəzinin sarımtıraq, solğun olduğuna baxmayaraq, olduqca gözəl olduğunu da kəsdirirdim. Yürəgim yandı, qulluqçu durarmısan? - dedim... dilənçi qız odlu bir ah çəkib... durardım, amma... susdu. Çuxura düşmüş gözlərindən bir kəs damla sümükləri irəliyə çixmiş sarı yanaqlarının üzərilə çənəsinə toğru yuvarlanıyordu. Qıraqları süzülmüş, çamura bulaşmış çadraya oxşar, büründüyü boz bir parçaya başın omuzuna əyərək gözlərini sildi və sonra başını köksünə toğru salladı, durdu... Əlimi cibimə saldım. Bu aralıq cındır paltarlı, enli kürəkli bir oğlan daha... Ay qardaş! Yaralıyam! Şikəstəm! Şamaxı əsiriyəm! - deyə əlindəki əsaya dayanaraq durdu. Qızcığaz Şamaxı adını eşitdiyi üçünmü, nə üçünsə başın qaldırıb oğlana bakınca otəki də ona bakmış olmalıdır ki, hər ikisi birdən diksindi. Hər ikisinin yüzü ölü rəngi qəbul edib yalnız Qumru! -deyə inildəyib səndələyərək yıldırım mağazasının pilləsinə, eyni vaktda qız: veriniz! Veriniz ona, bən istəməm, bən keçinərəm! - deyə getmək istəyirmiş gibi döndüsə də, haman nələr düşündüsə bilməm, dönüb bərkdən ağlayaraq: "Əhməd! Atamı, anamı öldürdülər, evimizi dağıtdılar, yalnız bən qaldım" - deyə nə üçünsə bir qolunu qaldırdı. Kim bilir bəlkə də sevdiyini qucmaq istəyirdi. Amma bunu yapmadı. Daha doğrusu, yapammadı, zira yazıq Qumrunun martda bir qolu kəsilmiş, yalnız bir qolciyəzi varmış.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR