Slimfit
  1. AZƏRBAYCAN

Çay yataqlarını kimlər məhv edib və cavabdehlər cəzalanacaqmı?

Çay yataqlarını kimlər məhv edib və cavabdehlər cəzalanacaqmı?
Sakura

Qum-çınqıl biznesi kimlərə məxsusdur?

Təxminən 15 il əvvəl Azərbaycanda tikinti bumu baş verdi və bir qədər zəifləməsinə baxmayaraq tikinti bumu bu günə kimi davam edir. Tikinti bumunun baş verməsi isə inşaat mallarına, xüsusilə də qum-çınqıla təlabatın kəskin artmasına səbəb oldu. Dəniz sahilində və çay yataqlarında qum-çınqıl istehsalı ilə məşğul olan şirkətlərin sayı həndəsi silsilə ilə artmağa başladı. Rəsmi məlumatlara görə, ayrı-ayrı şəhər və rayonlarda 250-yə yaxın qum-çınqıl karxanası fəaliyyət göstərir. Bu karxanalar çay yataqlarının on və yüz illiklər ərzində formalaşmış təbii quruluşunu məhv etdilər. Bütün bunlar, əlbəttə bu gün də davam edir. Ancaq iyun ayının 2-də Çöyçay çayının üzərindəki körpünün uçması hakimiyyətin diqqətini bu sahəyə yönəltdi.

Məlum olduğu kimi, 2018-ci il iyun ayının 2-də Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində, Göyçay çayı üzərində yerləşən körpü uçdu və bunun nəticəsində dövlətə üç milyon manatdan artıq ziyan dəydi. Aparılan araşdırmanın nəticəsində bəlli oldu ki, körpünün uçmasının əsas səbəbi qum-çınqıl karxanasında aparılan qanunsuz istismar nəticəsində  çay yatağının dağıdılmasıdır. Bundan sonra prezident İlham Əliyev, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çay yataqlarında qum-çınqıl istismarı ilə bağlı geniş araşdırma aparılması göstərişi verildi. Prezidentin tapşırığına uyğun olaraq 250-yə yaxın qum-çınqıl karxanasının təxminən üçdə birində monitorinqlər aparılıb.

Həmin monitorinqlər zamanı müəyyən edilib  ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalmışdır.

Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılmışdır. Bu cinayət işlərinin nəticəsi olaraq aralarında Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, “Titanik-5” MMC-nin rəhbəri Şahin Məmmədov, “Azvirt” MMC-nin iş icraçısı İbrahim Quluyev, “Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayev, “ATF” MMC-nin təsisçisi Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, “Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və “Gülövşə” MMC-nin təsisçisi Mahir Allahverdiyev kimi iş adamları  cinayət məsuliyyətinə cəlb edildilər. Onların əksəriyyəti barəsində həbs-qəti imkan tədbiri seçildi.

“Attinak” MMC, “Bayburt Qrup” Anonim Şirkəti, habelə bir sıra digər hüquqi və fiziki şəxslər barəsində araşdırmalar davam etdirilir və yaxın günlərdə yeni həbs xəbərlərinin şahidi ola bilərik. Hüquq-mühafizə orqanlarının belə sərt tədbirlərə əl atması qum-çınqıl yatağında istismar işləri zamanı ətraf mühitə külli miqdarda ziyan dəyməsidir. Məsələn, “Göyçay” qum-çınqıl yatağında istismar işləri aparan karxanalar ətraf mühitə 4 milyon manatdan çox, Mingəçevir şəhərində və Yevlax rayonunda yerləşən 16 karxana 700 min manatdan artıq, Şamaxı, İmişli, Şəmkir, Qazax, Quba, Qusar, Tərtər və Bərdə rayonları ərazisində yerləşən 56 karxana isə 8 milyon manatdan çox ziyan vurmuşdur.

Ətraf mühitə və dövlətə külli miqdarda ziyan vuran bu karxanaların sahibləri ilə bağlı apardığımız araşdırma zamanı çox maraqlı isimlərə rast gəldik.

Məsələn, “Bərdə Qum-çınqıl” ASC-nin sədri Rəfayıl İsa oğlu Ağayevdir. Hüquqi ünvanı Bərdə şəhəri, Tərtərçay sahəsi kimi göstərilən ASC-nin Nizamnamə kapitalı 1 094 280 manatdır. Tərtərçayda böyük qum-çınqıl karxanası 15 il əvvəl, 2003-cü ilin yanvarında yaradılıb. ASC-nin sədri Rəfayel Ağayev 2006-2011-ci illərdə Bərdə rayon icra hakimiyyətinin başçısı olmuş İsa Ağayevin qardaşıdır. Rəfayel və İsa Ağayev qardaşları isə prezidentin keçmiş köməkçisi Taryel Ağayevin əmisi oğlanlarıdır. Buna görə bir çoxlarının “Bərdə Qum-çınqıl” ASC-nin əslində Taryel Ağayevə məxsus olması ilə bağlı iddiaları var. Bu iddialar isə qəfil gündəmə gəlməyib. Belə ki, “Bərdə Qum-çınqıl” ASC-i yaradılan zaman Bərdə rayon icra hakimiyyətinə Taryel Ağayevin bacısının həyat yoldaşı Elman Allahverdiyev rəhbərlik edib.

Bu iddialara aydınlıq gətirmək Taryel Ağayevin, Bərdə rayonunda ətraf mühitə vurulan külli miqdarda ziyanda “Bərdə Qum-çınqıl” ASC-nin roluna aydınlıq gətirmək isə rəsmi qurumların vəzifəsidir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəyik.

Ətraf mühitə vurulan külli miqdarda ziyanda payının nədən ibarət olmasına aydınlıq gətirilməsi zəruri olan şirkətlərin arasında “Bəhramtəpə-çınqıl”ASC və “Türkaz çınqıl” ASC-nin də adları var. Hüquqi ünvanlarıı İmişli rayon, Bəhramtəpə ŞTQ-də yerləşən, Ağamalı Ağalı oğlu İsayevin rəhbərlik etdiyi “Bəhramtəpə-çınqıl”ASC və Hilal Ziya Zaimoğlunun rəhbərlik etdiyi “Türkaz çıqıl” ASC-nin ətraf mühitə hansı ziyanı vurduqları, onlarla bağlı hansı tədbirin görülməsi haqqında ictimaiyyətə məlumat verlməsi üçün də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəyik.

Çay yataqlarında karxanaları olan şirkətlərdən bəhs edərkən “Gilan Asfalt-Çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin adını qeyd etməmək mümkün deyil. Qeyd edək ki, Qəbələ şəhəri, E.Kərimov, ev 34-də yerləşən “Gilan Asfalt-Çınqıl” MMC-nin direktoru Əliyev Nicat Nizami oğludur. Ancaq “Gilan Asfalt-Çınqıl” MMC-nin Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə biznesinin tərkibinə daxil olduğu da məlumdur. “Gilan Asfalt-Çınqıl” MMC-nin Qəbələ rayonunun ərazində bir neçə karxanası və asfalt zavodunun olduğu ilə bağlı məlumatları, onların ətraf mühitə vurduqları ziyanı isə araşdırmağa çalışacağıq. Çünki, Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin nazirin ailə biznesinin tərkib hissəsi olan bir şirkətdə qanuni yoxlama aparacağına inam yoxdur.

Ölkədəki 250-ə qədər qum-çınqıl karxanasının kimlərə böyük sərvət qazandırması, ətraf mühitə zərər vuran şirkətlərin arxasında kimlərin dayanması ilə bağlı araşdırmalarımız isə davam edəcək.

 

Mənbə: Reportyor.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR