Slimfit
  1. MARAQLI

Burada gündəliyində “5” qiyməti olanlara hədiyyə verilir

Burada gündəliyində “5” qiyməti olanlara hədiyyə verilir
Sakura

Təhsil Nazirliyinin dəstək göstərdiyi mağazadan reportaj

Qardaşlar təhsil adına nə isə etməyi özlərinə mənəvi borc bilirlər...

Qəşəm və Qurban Niftəliyev qardaşları Ramana qəsəbəsində yerləşən “İki qardaş” mağazasının sahibləridir. Onlar dərslərini yaxşı oxuyan şagirdləri fərqli şəkildə mükafatlandırırlar: məktəbli gündəliyində “5” qiyməti olanlara mağazalarından müxtəlif hədiyyələr verirlər.

Bu aksiyanın məqsədi uşaqlarda təhsilə marağı artırmaq, onları dərs oxumağa daha da həvəsləndirməkdir. Məhz bu məqsədlə həyata keçirdikləri aksiya ilə bir çox şagirdin gələcəyinə, təhsil yoluna işıq salırlar.

“Gündəliyində “5” göstər,  hədiyyə qazan!”

Qəşəm Niftəliyev aksiya barədə ətraflı məlumat verir. O, bildirir ki, gün ərzində təxminən, 20-30 uşaq aksiyadan yararlanır, müxtəlif həddiyələr – kitab, dəftər, qələm, karandaş və s. – qazanırlar:

 “Övladım məktəblidi. Bu üsulu da ilk dəfə elə evdə - öz övladımla tətbiq etdim. Faydasını gördükdən sonra ideyanı, belə demək olarsa, mağazaya “daşıdıq”.

Təxminən, iki ay əvvəl start verdiyimiz aksiyanın əsas məqsədi uşaqlarda təhsilə marağı artırmaqdır. “Gündəliyində “5” göstər,  hədiyyə qazan!” artıq bizim aksiyanın devizinə çevrilib. Əvvəllər gün ərzində bir “5” qiyməti alana da hədiyyə verirdik. Lakin hədiyyə qazananların sayı çoxaldıqca biz də tələb olunan “5”lərin sayını artırmağa qərar verdik. Beləliklə, uşaqlar dərsə daha da həvəslənir və yüksək qiymətlərinin sayını artırmağa çalışırlar.

Artıq bura daimi gəlib-gedən şagirdlər çoxdur. Müşahidə etmişəm ki, aksiyaya başladığımız vaxtdan bu yana həmin uşaqların gündəlik aldıqları “5”lərin də sayı artıb. Ümumiyyətlə, gün ərzində hədiyyə əldə etmək üçün mağazaya gələnlər çox olur.

Yeri gəlmişkən, belə bir şərtimiz də var: əgər şagird əvvəl 4 ədəd “5” qiyməti alıb, sonra davamlı olaraq az sayda “5”lə gəlirsə, hədiyyə qazana bilmir. Çünki bizim məqsədimiz uşaqların dərsə hazırlığının yüksəldilməsidir. Yəni tələb olunan qiymətlərin sayı hər uşaq üçün individualdır. Bəzən heç vaxt yüksək qiymət almayan uşaq gündəliyində ilk “5”ni göstərdikdə biz ona hədiyyə veririk”.

Oxu guşəsi – “Xidmət pulsuzdur”

Mağazada ayrıca oxu guşəsi də yaradılıb. Məktəblilər həmin guşədən növbə ilə kitab götürüb oxuyurlar. Qurban Niftəliyev bu barədə ətraflı məlumat verir. O qeyd edir ki, uşaqlarda kitab oxumağa maraq yaratmaq üçün kitabları əlçatan etmək lazımdır:

“Bura yaxın ərazidə kitabxana olmadığı üçün, açığı, kitab oxuyanların azalmasından ehtiyat edirik. Biz kitabları çox sevirik və hesab edirik ki, uşaqlarda kitaba marağı artırmaq vacibdir. Buna görə də mağazamızda kiçik guşə yaratmaq qərarına gəldik. Bura kitab yığmaq üçün əvvəl sosial şəbəkədə elan verdik, kitablarını bağışlamaq istəyənlərlə əlaqə saxlayıb kitabları aldıq”.

Aksiyaya Təhsil Nazirliyindən dəstək

Gündəlik təxminən 20-30 şagirdin yararlandığı bu aksiyaya Təhsil Nazirliyi də dəstək göstərib. Nazirlik qardaşların bu təşəbbüsünü yüksək dəyərləndirərək həmin mağazaya 30-dək kitab hədiyyə edib.

Elə Nazirlik nümayəndələri mağazada olduğu müddətdə də məktəblilər mağazaya gəlib-gedirlər. Bəziləri səhər növbəsindən, artıq gündəliklərində “5”lərlə qayıdır, bəziləri isə hələ indilərdə məktəbə yollanırlar... Elə bu vaxt əla qiymət alan şagirdlər hədiyyə qazanırlar.

Balaca məktəbli Faiq də atası ilə mağazaya daxil olur. Satıcıya gündəliyindəki “5” qiymətini göstərir və “oxu guşə”sindən, Nazirliyin göndərdiyi kitablardan birini hədiyyə qazanır.

Faiq Əhmədli: “Bu mağazaya atamla tez-tez gəlirəm. “5” aldığım günlərdə satıcı mənə hədiyyələr verir. Bu gün kitab qazandım, keçən dəfə isə rəngli karandaş götürmüşdüm”.

“...Bir valideyn kimi bu aksiyanın davamlı olmasını istərdim”

Faiqin valideyni Vahid Əhmədli ilə söhbətimiz sübut edir ki, valideynlər də bu aksiyanı yüksək qiymətləndirirlər. Vahid bəyin sözlərinə görə, Faiqin burdan qazandığı hədiyyələrə xüsusi marağı var.

Qardaşların bu addımını təqdirəlayiq hesab edən valideyn Tamella Səfərova da söhbətə qoşulur.  Aksiyanın nəvələrinin dərsə marağını artırdığını qeyd edən Tamella xanım sanki öz üzərinə düşən yükdən az da olsa qurtulduğu üçün sevinclidir:

“Əslində, nəvələrim Fəridlə Fuad dərslərini həmişə yaxşı oxuyub, yüksək qiymət alırlar. Məktəbə davamiyyətləri yerindədir, müəllimləri onlardan razıdır. Amma bu aksiyadan sonra onların dərsə həvəsləri daha da artıb. Müqayisədə indi daha çox dərs oxuyurlar. Gündə bir saat oyun oynamaq onlara, artıq bəs edir. Qalan vaxtları isə ancaq dərsləri ilə məşğul olurlar. Buna görə də bir valideyn kimi bu aksiyanın davamlı olmasını istərdim”.

Gələcək planlar – Fləşmob...

Qardaşlar həmçinin, gələcəklə bağlı bu istiqamətli planlarından da danışıblar:

“Tədris ilinin sonunda əlaçılara və şərəf lövhəsində fotosu olan şagirdlərə digər hədiyyələrimiz də olacaq. Kitaba həvəsin artırılması üçün maraqlı bir fləşmob ideyamız da var. Düşünürük ki, şəhərin mərkəzində kütləvi şəkildə kitab oxuyaraq insanlarda mütaliəyə maraq yarada bilərik. Ümid edirik ki, istəklərimiz reallaşacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR