Bu xəstəlik vaxtında aşkarlanmasa, uşağın sinir sistemində problemlər baş verə bilər
"Tireoid xəstəlikləri də anadangəlmə, qazanılmış, müvəqqəti və daimi xarakter daşıya bilir".
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib. O, bəzən yenidoğulan körpələrdə də qalxanabənzər vəzinin xəstəliklərinə rast gəlindiyini söyləyib:
"Xüsusilə qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə müşahidə olunan anadangəlmə hipotireoz xəstəliyi çox önəmlidir. Əgər həkim bu xəstəliyi vaxtında müəyyən etməzsə, o zaman uşağın sinir sisteminin inkişafında problemlər baş verə bilər. Amma vaxtında müalicə başlanarsa, o zaman uşaq öz inkişafını normal şəkildə tamamlaya bilər.
A.Əkbərzadənin sözlərinə görə, tireoid xəstəliklərinə uşaq və yeniyetmə dövründə daha tez rast gəlinir:
"Bu dövrdə digər baş verən fizioloji problemlərlə yanaşı, əlamətləri daha dəqiq təyin edərək xəstəlik vaxtında müəyyən edilməli və müalicəyə vaxtında başlanılmalıdır.
Mütəxəssis bu xəstəliklərin aşkarlanması üçün diqqət yetirilməli olan məqamlara da diqqət çəkib:
"Qalxanabənzər vəzinin çatışmazlığı ilə gedən vəziyyətlərdə inkişaf geriliyi, boyümə sürətinin azalması, yorğunluq, halsızlıq, uşaqlarda nevroloji inkişaf gerilikləri, kobud səs, qəbizlik, göbək yırtığı, quru dəri, zəif və cansız saç, saç tökülməsi və s. əlamətlər müşahidə oluna bilir. Belə əlamətlərlə qarşılaşan zaman mütləq Hipotireoz (tireoid hormonların azlığı) xəstəliyi ağıla gəlməlidir.
Amma əksinə, vəzinin sürətli işlədiyi hallarda isə (hipertireoz, zəhərli zob) ürək döyünməsinin artması, narahatlıq, əsəbilik, əllərdə titrəmə, nəm və isti parlaq dəri, iştahın artmasına baxmayaraq çəki itirmə, ishal, bağırsaqda sorulma problemləri və s. kimi əlamətlər rast gəlinir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət