Bu tibbi xidmətlər icbari tibbi sığorta hesabına göstərilə bilər
Hazırda dövlət proqramları çərçivəsində təqdim edilən xidmətlərin gələcəkdə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib ki, hazırkı xidmətlər zərfi kifayət qədər genişdir: “Ölkə üzrə göstərilə bilən tibbi xidmətlərin 60 faizi bu xdmətlər zərfinə daxil edilib. Amma burada istisnalar dövlət proqramları ilə bağlıdır. Şəkərli diabet, vərəm, onkoloji, dializ xəstələri üçün ayrıca dövlət proqramları icra olunur. Bunun üçün dövlət büdcəsindən ayrıca vəsait ayrılır. Həmin xəstələrə də onlar üçün ixtisaslaşdırılmış müəssisələrdə xidmət göstərilir. Bu dövlət proqramlarının bir qismi 2020, bir qismi 2021-ci ildə bitir. Həmin proqramlar bitdikdən sonra onları da xidmətlər zərfinə daxil etməyi düşünürük”.
Z.Əliyev əlavə edib ki, xidmətlər zərfində təcili yardım, ixtisaslaşdırılmış poliklinika həkimlərinə müraciət, laboratoriya analizləri, şüa diaqnostikası xidmətlərinə, ehtiyac duyulan cərrahi əməliyyatlara təminat verilir:
“Əgər vətəndaş müraciət etdiyi müəssisədə lazım olan xidməti ala bilmədikdə, biz onu nüfuzlu digər böyük tibb müəssisəsinə yönəldəcəyik. Biz də vətəndaşın yerinə xidmət haqqını ödəyəcəyik”.
Qeyd edək ki, 2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək.
Sistemin tətbiqi üçün büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə tutulub. Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq.
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. İşsiz əhali, təqaüdçülər, şagirdlər, əyani təhsil alan tələbələr, sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər (fərdi və qrup şəkildə çalışan fermerlər) ödəniş ödəməyəcəklər. Xidmət aldığı zaman isə vətəndaşlar üçün yalnız öz paylarına düşən ödəniş məbləği limit məbləğ deyil. Vətəndaş zəruri olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət