Bu ölkələrin pasportları daha çox “buraxılış qabiliyyəti”nə malikdir
Bəzi insanlar üçün pasport dünyaya bir portaldır. Digərləri üçün isə o, çoxlarının can atdığı səyahət azadlığına maneə ola bilər. Bəs siz bu mobillik spektrində harada yerləşirsiniz? Bu suala cavabı “Henley&Partners” şirkətinin dünya ölkələrinin pasport reytinqi cavab verir.
Axar.az xəbər verir ki, daim yenilənən dünya pasportu indeksində hazırda Azərbaycan 78-ci pillədədir. Hazırkı dövrdə azərbaycanlı turistlər 66 ölkəyə vizasız girə, yaxud da oraya çatdıqda viza ala bilərlər.
Bununla yanaşı, daha çox “buraxılış qabiliyyəti”nin Yaponiya və Sinqapur pasportlarında olması müşahidə edilib. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız gedib-gələ bilərlər. İkinci yeri Almaniya, Finlandiya və Cənubi Koreya (187 ölkə), üçüncü yeri isə Danimarka, İtaliya və Lüksemburq (186 ölkə) bölüşürlər. Siyahının əks istiqamətində sakinlərinin yalnız 25 ölkəyə buraxıldığı Əfqanıstan, daha sonra İraq (27 ölkə) və Suriya (29 ölkə) yerləşir.
“Henley&Partners” şirkətinin ekspertləri təxminiliyə əsaslanaraq 14 pasportdan ibarət kombinasiya da qurublar. Bu pasportlara yiyələnmə bütün dünya ölkələrinə vizasız gediş-gəlişə şərait yarada bilərdi. Onların siyahısında Azərbaycan pasportu ilə yanaşı, Konqo, Maldiv, Sinqapur, Suriya, Türkiyə, Türkmənistan, Uqanda, ABŞ, Vanuatu, Əfqanıstan, Mali, Anqola və Şimali Koreya pasportları da qərarlaşıb.
Qeyd edək ki, “Henley&Partners” şirkətinin pasportlar indeksi pasportların adi sıralaması çərçivəsindən kənara çıxaraq vətəndaşların sərbəst yerdəyişməsini hərtərəfli şəkildə təqdim edir. Buraya, həmçinin sizin üçün hansı ölkənin hansı növ viza ilə əlçatan olması, pasportunuzun son 14 ildə necə dəyişməsi və s. barədə məlumatlar daxildir.
“Henley&Partners” şirkətinin pasportlar indeksi IATA məlumatlarına əsaslanan, geniş daxili tədqiqatlarla tamamlanan, ekspertlərin rəyləri əsasında tərtib edilən və il ərzində müntəzəm yenilənən yeganə meyardır. Bütün bu keyfiyyətlər onun ən etibarlı indeks olmasına xidmət edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət