Ərik alarkən diqqətli olmaq vacibdir
Ərik meyvələr arasında ən faydalı meyvələrdən biridir. Həm təzə, həm də qurudulmuş ərik zəngin qida dəyəri ilə insan sağlamlığına faydalıdır.
Ərik alarkən diqqətli olmaq vacibdir:
1. Ərik iyun-avqust aylarında yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən, kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və istehlakçını zəhərlənməyə gətirib çıxara bilir. Ona görə də, qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.
2. Ərik alarkən onun rənginə diqqət etmək lazımdır. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik yumşaq olur. Sarı və ya yaşıl rəngli, əzilmiş əriyin istehlak edilməsi tövsiyə olunmur. Çünki əzilmiş, ziyan vericilərin təsirinə məruz qalan ərik faydasız olmaqla yanaşı, insan sağlamlığı üçün təhlükəlidir.
3. Əriyin ölçüsünə fikir verəsi olsaq, onlar 3,5 sm ilə 6 sm arasında dəyişən müxtəlif ölçülərdə olurlar. Bir meyvənin çəkisi orta hesabla 40-50 q olur. Kiçik ölçüdə əriklər onun yetişdiyini göstərən doğru rəng və möhkəmlikdədirsə onları istehlak etmək olar.
Əriyin tez xarab ola biləcəyini nəzərə alaraq üç-beş gün ərzində yeyilməlidir.
Meyvələrin yığılma vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır. Ərik tam yetişməmiş dərilibsə, kağız torbada saxlayıb, günəş işığından uzaqda otaq temperaturunda saxlandıqda yetişməyə davam edəcəkdir.
Ərik qablaşdırılan taralarda məhsul göndərənin adı, növü, qablaşdırılma tarixi, partiyanın nömrəsi və s. öz əksini tapmalıdır. Ərik qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır.
Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,5ºC + 0,5ºC temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə 5º-8ºC temperaturda saxlanıla bilər.
Mənbə: Foodinfo.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət