Bu il Füzulidə 4 min tondan artıq pambıq istehsalı gözlənilir
Füzuli rayonunun pambıq tarlalarında son becərmə işlərinin aparılması ilə yanaşı, məhsul yığımına hazırlıq da görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi pambıq istehsalını artırmaq üçün stimul yaradır. Odur ki, rayonda pambıq əkinləri ildən-ilə artır. Əgər ötən il rayon ərazisində 2050 hektarda pambıq əkilmişdisə, bu il 2100 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 1330 hektarı “Füzuli Kənd Təsərrüfatı” MMC, 630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilir. Fərdi qaydada isə 140 hektar sahədə çiyid səpilib.
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.
Artıq sahələrdə becərmə işləri başa çatmaq üzrədir. Min bir zəhmət bahasına bol məhsul yetişdirən pambıqçılar hazırda onun vaxtında və itkisiz yığılmasına hazırlıq işləri aparırlar. Rayonda pambıq yığımına 1500 nəfərdən çox işçi qüvvəsi, həmçinin 8 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Avqustun axırlarında yığım başlanacaq. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu il Füzulidə 4 min tondan çox “ağ qızıl” istehsalı gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət