Bu gün Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 18 il ötür
Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 18 il ötür.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kəndi, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Mənbə: Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət