Braziliya həbsxanasında moda nümayişi: Toxuma kurslarına gedənlərin cəza müddəti qısaldılır
San-Paulo Moda Həftəsində çıxış edən modellər dəbdəbəli yerlər və məşhur dizayner adlarına alışıb. Lakin çərşənbə günü namünasib yerdə hazırlanan geyimlərlə tanış olublar. Bu kolleksiyanı Adriano Marrey həbsxanasının məhbusları hazırlayıblar.
Podium əvəzinə üstü dəmir barmaqlıqlarla örtülmüş həbsxana həyatında gəzinən modellər püskünlü toxuma jiletlər nümayiş etdirirlər.
Divar boyunca duran dizaynerlər bir-birinin yaradıcılığını izləyir. Onların arasında yeni geyim toxuyanları görmək olar.
Ağ köynək, xaki rəngli şalvar və boz həbsxana divarlarına alışan məhbuslar üçün podiumdakı əlvan rənglər nadir səhnədir.
Toxumaq təlimi üzrə "Ponto Firme" layihəsi məhbusların reabilitasiyasına kömək etməlidir.
Bu proqram artıq üç ildir ki, davam etdirilir.
Onun təşəbbüskarı braziliyalı dizayner Gustavo Silvestre-dir.
Proqrama qatılmağın öz imtiyazları var: Bir günlük iştirak müqabilində həbs müddəti bir sutkayadək qısaldılır.
Cəza çəkənlərin çoxu narkotik qaçaqmalçılığı və soyğunçuluqla bağlı maddələr üzrə məhkum olunub.
Onlardan biri Felipe Santos-dur. Onun sözlərinə görə toxuma "sakitləşməyə, narkotik və siqareti tərgitməyə kömək edib".
41 yaşlı Fidelison Borges deyir ki, yaradıcılıq onun özünəinam hissini artırıb. O, əl işlərinin xoş qarşılandığına görə iftixar duyduğunu deyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət