Böyük Britaniya koronavirusla mübarizə üçün başqa üsula əl atıb
İngiltərə koronavirusun hansı miqyasda yayıldığını anlamaq üçün minlərlə insandan analiz götürülməsinə qərar verib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Xalq Səhiyyə Qurumunun məlumatına görə, həftədə 600 nəfərdən analiz götürüləcək. Layihə 100 klinika və 11 xəstəxananı əhatə edəcək.
Bundan başqa, epidemiyanın yayılmasının qarşısının alınması üçün lazım gələrsə, məktəblər bağlanacaq. Həmçinin ictimai nəqliyyatda məhdudlaşdırmalar ola bilər.
İngiltərə Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək, məcbur qalmadıqca İtaliyada karantin zonası sayılan 11 qəsəbəyə getməmələrini tövsiyə edib.
Şotlandiya rəsmiləri virus yayılacağı təqdirdə kütləvi tədbirlərin ləğv olunacağını bəyan edib.
İrlandiya səlahiyyətliləri isə Dublində İrlandiya və İtaliya arasında oynanılacaq reqbi oyununun ləğv edilməsi üçün müraciət edəcəklərini bildirib. Onların sözlərinə görə, əks təqdirdə böyük bir risklə üz-üzə qalmış olacaqlar.
Qeyd edək ki, Böyük Britaniyada bu günə qədər doqquz nəfərdə koronavirus aşkarlanıb.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət