Azərbaycanda immun çatışmazlığı sindromundan (HİV) əziyyət çəkənlərin, demək olar ki, yarısı (46%) müalicə…
Azərbaycanda immun çatışmazlığı sindromundan (HİV) əziyyət çəkənlərin, demək olar ki, yarısı (46%) müalicə alır.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat hər il dekabrın 1-də qeyd edilən Ümumdünya QİÇS-lə mübarizə günü ərəfəsində BMT-nin HİV/QİÇS-lə bağlı dərc etdiyi “Bilik - qüvvədir” hesabatında verilib.
Mütəxəssislərin fikrincə, HİV-in yoxlanılması asan proses olsa da, çoxları bu testdən keçmək istəmir.
Bunun səbəbləri ilə bağlı danışarkən mütəxəssislər ayrı-seçkilik qorxusunu, məxfiliyin pozulmasını, qohum və qonşular tərəfindən pislənməsini, cinayət təqibini, virusun aşkarlandığı təqdirdə zorakılığı qeyd ediblər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarovun sözlərinə görə, bəzi xəstələr müxtəlif səbəblərdən müalicə almırlar.
O bildirib ki, bəziləri dərmanları qəbul etməkdən imtina edir; digərləri gəlib dərmanları götürməyi özünə sığışdırmır; bəziləri ölkə sərhədlərindən kənarda çalışır, Azərbaycana qayıtdıqda müalicə alır və yenidən ölkəni tərk edirlər; digərlərinin antiretrovirus terapiyasına ehtiyacı yoxdur və s.
N.Zülfüqarov əlavə edib ki, HİV-lə mübarizə üçün dərmanlar dövlət tərəfindən pulsuz paylanır.
Əlavə edək ki, Azərbaycanda Avropa həftəsi çərçivəsində HİV və hepatit yoxlanması könüllü və pulsuz həyata keçirilir. Bu il ümumavropa kampaniyası noyabrın 23-dən 30-dək keçirilir.
Avropa yoxlanış həftəsində əsas məqsəd daha çox insanın özünü HİV infeksiyası və hepatitlə bağlı statusunu öyrənməsini təmin etmək və bu infeksiyaların aşkarlanması problemini minimuma endirməkdir.
Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin sonlarına görə Azərbaycanda 5 661 nəfərdə HİV infeksiyası aşkar edilib, antivirus terapiyası üçün preparatları onların ¾-ü, yəni 74,3 faizi və ya 4207 nəfəri əldə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət