Bizə daha zay yemək yedirdilməlidir – Millət vəkili
Hesab edirəm ki, şadlıq saraylarında verilən yeməklərə görə narazılıq etməyə ehtiyac yoxdur. Əksinə, nə qədər xarab yemək varsa, Azərbaycan cəmiyyətinə yedirtmək lazımdır.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa şadlıq saraylarında insanlara köhnə yeməklərin verilməsi ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib. Millət vəkili sözügedən nöqsanlara səs çıxarmadığına görə cəmiyyətin bu cür münasibətə layiq olduğunu söyləyib:
“Tədricən cəmiyyət, ziyalılar, düşünən insanlar yığışıb Azərbaycanı “toy terroru”ndan xilas etməlidirlər. Elə etməliyik ki, toy ailə və qohumların məsələsi olmaqla yanaşı, eyni zamanda, yeni qurulan ailələrə dəstək kampaniyası olsun. Hazırda heç bir dəstək kampaniyası yoxdur. Bu qədər cahil, öz xeyrini bilməyən insanları ələ salaraq, soyaraq idarə etmək daha məqsədəuyğundur. Ona görə də hesab edirəm ki, bunun üçün inciməyə dəyməz. Mümkündürsə, şadlıq evləri bir az da köhnə yeməklər vesin, bir az da zəhərlənmələr çoxalsın ki, insanlar səsini çıxarsın. Toy sevinmək, şənlənmək üçündür. Azərbaycanda isə infarktın, insanların psixi pozuntusunun səbəbi toylardır. Bu prosesi dəyişmək istəməyən bir xalqa nə etmək lazımdır? Şadlıq saraylarında insanlara qəsdən köhnə, pis yemək verirlər, hər cür səs terroru ilə məhv edirlər ki, bəlkə ağıllanalar. Heç kim ağıllanmaq istəmirsə, şadlıq evinin sahibi neyləsin? Şadlıq evləri bacardıqca bu zülmə davam etməlidirlər ki, bəlkə insanlar ayılar və özlərinin vəziyyətini yüngüllədirər”.
Millət vəkili toy biznesində yol verilən qüsurları insanlarımızın ağılsızlığı ilə əlaqələndirib:
“Cəmiyyətimizin böyük əksəriyyəti məhz bu yeməyə görə şadlıq evinə biət edir. Bu yeməklə bağlı yox, insanlarla bağlı problemdir. Ağıllı adama o cür yeməyi verərlər? Bir adama 10 növ yemək yedirərlər? Və ya ağıllı adamdan yediyi 30 manatlıq yeməyin qarşılığında 200-300 manat pul alarlar? Düşünürəm ki, belə cəmiyyəti mütləq aldatmaq lazımdır”.
Millət vəkili, yazıçı Aqil Abbas isə bənzər vəziyyətin təkcə şadlıq saraylarında yox, bahalı restoranlarda da müşahidə edildiyini bildirib:
“Toylarda yeməklərin çeşidi çox olur, insanlarımız da hər şeyi basıb-yeyir. Adam bir yemək yeyər. Bəzən turşu, salat və toyuqdan zəhərlənmələr baş verir. Keçmişdə toylarda küftə-bozbaş verilərdi. İndi stola 40 cür yemək düzülür. Bu zərəli olmaqla yanaşı, həm də israfçılıqdır. Azərbaycanda toydan sonra qalan yeməklə bütün Ərəbistan xalqını doydurmaq olar”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda kafe və restoranlarda növbədənkənar (plandankənar) yoxlamalar həyata keçirilir:
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçirir. Əhalinin kütləvi qidalandığı məkanlar, ictimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühim tərkib hissəsi olduğundan bu kimi yerlərdə də Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Həmçinin konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda növbədənkənar (plandankənar) yoxlamalar həyata keçirilir”.
AQTA-dan bildirilib ki, vətəndaşlar ictimai-iaşə obyektlərində hər hansı nöqsanla rastlaşdıqları halda Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər:
“Sözügedən sahədə nöqsanlarla bağlı Agentliyin 1003 “Çağrı Mərkəzi”nə son 3 ayda 172 vətəndaş müraciəti daxil olub. Daxil olan hər bir müraciətlə bağlı Agentlik əməkdaşları tərəfindən araşdırmalar aparılıb və qanuna uyğun tədbirlər görülüb”.
Agentlik tərəfindən verilən açıqlamada sanitar-texniki və sanitar-gigiyenik tələblərə uyğun olmayan şəkildə fəaliyyət göstərən müəssisənin fəaliyyətinin müvəqqəti məhdudlaşdırıldığı qeyd edilib:
“İctimai iaşə obyektlərinin sanitar-gigiyenik normalara uyğun şəkildə təşkili əhalinin sağlamlığı üçün olduqca vacibdir. Qida məhsullarının hazırlanması prosesi sanitar-texniki və sanitar-gigiyenik tələblərə uyğun həyata keçirilməlidir. Bu tələblərə əməl edilmədiyi təqdirdə müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılır. Sağlamlaşdırma işlərinin aparılıb, nöqsanların aradan qaldırılması üçün sahibkara maarifləndirici məlumatlar verilərək müddət müəyyən olunur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət