“Biz dost, qardaş ölkələrik” — Prezident
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, Əfqanıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Cənab Prezident, bir daha xoş gəlmisiniz. Dünən biz Sammit iştirakçılarının çox mühüm görüşünü keçirdik. Bu günlərdə bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik. Əfqanıstanın Sammitdə mümkün olan ən yüksək səviyyədə iştirakı Sizin bu quruma verdiyiniz əhəmiyyəti əks etdirir və biz bunu həm də Azərbaycana münasibətdə dostluq və tərəfdaşlığın göstəricisi hesab edirik. Biz dost, qardaş ölkələrik. Biz Sizinlə dəfələrlə beynəlxalq tədbirlər zamanı Bakıda görüşmüşük. Sonuncu dəfə bu ilin martında çox yaxşı görüşümüz oldu və sənəd imzalandı. Ölkələrimiz arasındakı əlaqələrin inkişafından məmnunam. Ən mühümü isə odur ki, biz razılaşdırdığımız bütün məsələləri həyata keçirməyə çalışırıq. Düşünürəm ki, ikitərəfli əlaqələrdə, siyasi təmasların gücləndirilməsində çox böyük irəliləyişə nail olmuşuq. Azərbaycanın ölkənizdə sülhməramlı inkişafı dəstəkləmək səyləri Sizə məlumdur. Bildiyiniz kimi, biz Əfqanıstandakı hərbçilərimizin sayını artırmışıq. Sizin ölkənizdə təhlükəsizlik, sabitlik və tərəqqi bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki dost və qardaş olaraq biz sizin bütün islahatlarınızın, planlarınızın həyata keçirilməsini görmək istəyirik. Mən bir dəfə Sizə söyləmişdim ki, Siz bu mühüm vəzifəyə gələndən bizim əlaqələrimiz çox səmərəli tərəfdaşlığa çevrilib. Bizim mütəmadi görüşlərimiz və müzakirələrimiz, qəbul edilmiş qərarlar, bu qərarların icrası qarşılıqlı siyasi iradəni nümayiş etdirir. Əvvəlki görüşlərimizdən birində müzakirə etdiyimiz kimi, biz dəmir yollarımızı və nəqliyyat qurğularını birləşdirmək istəyirdik və bunu etdik. Biz artıq Lapis-Lazuli layihəsindən Azərbaycan vasitəsilə yükləri qəbul etmişik. Beləliklə, biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. O vaxtdan biz Mərkəzi Asiyadakı dostlarımız və qonşularımızla da çox fəal şəkildə əməkdaşlıq edirik. Belə ki, Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə daşınan yükün həcmi artır. Hazırda Əfqanıstan, Azərbaycan və Avropa arasında fiziki bağlantı var. Hazırda bizim yeni bağlantımız var, düşünürəm ki, bu, tarixi nailiyyətdir. Bu gün biz qarşılıqlı maraq kəsb edən bəzi başqa məsələləri də müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz və bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani deyib:
- Sizinlə görüşməkdən məmnunluq hissi keçirirəm, Sizi təbrik edirəm. Qoşulmama Hərəkatına sədrliyin Azərbaycan tərəfindən qəbul olunması hesab edirəm ki Sizi və qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ münaqişəsinin həllinə bir addım daha yaxınlaşdırır. Əfqanıstanın Azərbaycanla bağlı prinsipial mövqeyini nəzərə alaraq bizdən nəsə tələb olunarsa tərəddüd etmədən bunu bizə bildirin. Biz İnsan Hüquqları üzrə Komissiyanın tərkibinə daxilik və əlaqələndirmə ilə bağlı hər hansı bir xüsusi zərurət yaranarsa, mən bizim səfirimizə sizin səfirinizlə çox yaxından koordinasiya etmək tapşırığını verə bilərəm. Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək strategiyanızla hər gün daha çox insanları bunun faydalı olduğuna inandırırsınız. İkitərəfli əlaqələrimizə gəldikdə, onların səviyyəsi bizi çox sevindirir. Bu, - mən bunu həmişə deyirəm, - Sizin Çikaqodakı çıxışınızdan başladı. O vaxt bu, arzu idi, lakin indi bu, həyata keçirilib. Lapis-Lazuli dəhlizi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz Bakıdan liman kimi necə istifadə olunması məsələsini daha çox müzakirə etmək istəyirik. İslahatların aparılması, ya da indi etibarlı dəmir yolu dəhlizimizin olması bizim üçün çox vacib hadisədir. Eyni ilə biz dəhlizi genişləndirmək istəyirik. Biz bu dəhlizin genişləndirilməsi üçün ciddi bir proqram hazırlamışıq və Bakının bir daha mərkəzi qovşaq kimi burada bizə xidmət etməsi bizim üçün böyük maraq kəsb edir. Bakıda əfqan məhsullarının ilk sərgisi keçirilib və biz Ticarət Nazirliyi ilə daha yaxından əməkdaşlıq etmək istəyirik ki, bazar təhlili aparılsın və bizim komanda bazar təhlili üzərində çalışa bilsin. Bu potensial sahələrdən biri tikinti materiallarıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət