Slimfit
  1. MƏDƏNİYYƏT

Bitməyən müharibənin filmi. Xocalının Haray"ından sonrakılar

Bitməyən müharibənin filmi. Xocalının Haray"ından sonrakılar
Sakura

Bitməyən müharibənin filmi. Xocalının «Haray»ından sonrakılar

Və ya Xocalıdan qalan kadrlar

Xocalı soyqırımı Azərbaycan tarixinin ən acı səhifələrindən biridir. Artıq faciə bizdən 20 il arxada qalıb. Bizi bu tarixdən neçə on illər ayırsa belə, o dəhşətin miqyası heç zaman unudulan deyil. Amma öz içimizdə. Dünyanın bu dəhşəti görüb duymasına gəlincə, sözsüz ki, burada birinci amil vizuallıqdır.
Bu baxımdan kinematoqrafiyanın imkanları xüsusilə genişdir. Amma gəlin özümüzdən soruşaq: biz Xocalı soyqırımını kinoda lazımınca əks etdirmişikmi? Suala birmənalı cavab vermək çətindir. Düzdür, bu mövzuda bir neçə ekran əsəri yaranıb. Lakin ümumilikdə Xocalı mövzusunun kinematoqrafiyamızda yetərli əks olunduğunu deyə bilmərik.
Niyəsini kino mütəxəssislərindən soruşduq.   

Soyqırımı və biz

Artıq neçə illərdir ki, Xocalı soyqırımının ildönümündə telekanallarımız eyni filmləri nümayiş etdirirlər. Onlardan birincisi Qarabağ müharibəsi, Xocalı qətliamı, ümumilikdə müharibənin dəhşətlərinin ən təsirli vizual həllinə nail olan «Fəryad» filmidir. Görkəmli kino xadimi Vaqif Mustafayevin ssenarisi əsasında mərhum sənətkarımız Ceyhun Mirzəyevin quruluş verdiyi və baş rolunu ifa etdiyi film zamanı üçün tarix yazıb desək, heç yanılmarıq. Texniki meyarları və ümumilikdə kinodramaturji üstünlükləri bir yana, filmdə müharibənin ağrı-acısı məharətlə göstərilib.   Xocalının «Haray»ından sonrakılar

Mövzu ilə bağlı növbəti ekran əsəri «Haray» filmidir. Yazıçı Nüşabə Məmmədovanın eyniadlı pyesinin motivləri əsasında rejissor Oruc Qurbanovun quruluşunda ərsəyə gələn kinolentdə Xocalıda insanlığa qarşı törədilən tükürpədici qətliam öz əksini tapıb. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri olmazın əzablara şahid olan iki yeniyetmənin baş qəhrəman kimi təqdim edildiyi filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin təsirli finalı olur. Film fakt və detalların bolluğu, faciənin miqyasının nə qədər dəhşətli olduğunu göstərən kadrlarla zəngindir. O dəhşətli kadrlara sakit baxmaq olmur. Əslində filmdə bir neçə ekran işinin faktları, ideya xətti var. Amma o təqdim olunan talelər, insan faktoru yetərli qədər bədiiləşdirilə, öz ekran həllinin arzuolunan səviyyəsinə çata bilməyib. Xocalı haqqında bir növ bədii-sənədli film təsiri bağışlayan ekran əsərində, sadəcə, fakt və onun nəticələri ardıcıllıqla göstərilə bilib.
Bu mövzudakı digər nümunə Mərahim Fərzəlibəyovun çəkdiyi «Qırmızı qar» filmidir. Bu filmi də sakit seyr etmək mümkün deyil. Bu kadrlar yığınında da tükürpədici qışqırıqlar, sərxoş ermənilərin ikrah doğuran hərəkətləri, «ara»larla bitən və başlayan qırıq dialoqlar insanı, sadəcə, dəli edir. Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi Elxan Qasımovun «Azərbaycanfilm» kinostudiyasında ekranlaşdırılan «Biz qayıdacağıq» bədii filmidir. Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir. Filmdə də bir neçə xronikal kadrdan və quraşdırma səhnələrdən istifadə olunub. Ekran əsəri Xocalı soyqırımından daha çox, məcburi köçkün düşən insanların ağrılarından danışır.

 Sənədli kinonun dili

Hələ ki, Azərbaycan kinematoqrafiyası Xocalı faktının böyük ekranda arzu olunan bədii həllinə nail olmayıb. Amma bu mövzuda sənədli filmlər çəkilib. Bu sıradan son ekran əsərlərindən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin «Salnamə» kinostudiyasında çəkilən «Dua» sənədli filmini göstərə bilərik. Amma çəkilmiş sənədli filmlərin əksəriyyətində mövzuya baxış və yanaşma təxminən eyni olduğundan, müəlliflər də məcburən eyni kadrlardan istifadə etmiş olurlar. Bu nümunələr arasında rejissor Mehriban Ələkbərzadənin «Xocalı soyqırımı» adlı sənədli filmini də qeyd etmək olar. Filmi fərqləndirən isə, sadəcə, tembri və müəllifin hazırlamış olduğu mətni cəlbedici səsləndirməsidir.
«Azərbaycantelefilm»də lentə alınan «Xocalı», «Xocalı soyqırımı», «Xocalı şahidləri» kimi nümunələr də maraqlı ekran işləridir.

 Nə və necə çəkmək?

Beləliklə, Xocalı soyqırımından bəhs edən sanballı, dünya kinosu standartlarında bədii filmimiz hələ ki, yoxdur. Ümid edək ki, yaxın gələcəkdə bu mövzuda dəyərli ssenari yazılacaq və «Pianoçu», «Şindlerin siyahısı» kimi dünya səviyyəli kino əsərləri lentə alınacaq. Və biz o nümunələrlə dünyaya «baxın, görün, bizlər nələrdən keçmişik» deyə biləcəyik.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə də keçmiş nümunələrlə kifayətlənməyərək daha sanballı ekran əsərlərinin yaradılmasını vacib sayır: «Bu mövzuda sanballı filmin çəkilməsi üçün ilk olaraq sanballı ssenari olmalıdır. Əgər ssenari varsa və o çəkilmirsə, bu, başqa məsələ. Çəkilən filmlərə gəlincə, onları birmənalı olaraq tənqid etmək olmaz. Nəzərə alaq ki, o nümunələr kinomuzun ağır vaxtlarında çəkilib. Buna görə də yaradıcı heyətə təşəkkür düşür. «Fəryad» tarixdə qalası filmdir. Bu mövzuda filmləri eyniləşdirən fakt, fərqləndirən isə yanaşma tərzidir. Yaxşı olardı ki, ekrana kədər, ikrah, göz yaşından çox əzmkarlıq, mübarizlik, döyüşkənlik ruhu aşılayan filmlər gəlsin. Bu ekran işləri həm də bizim ideoloji müharibəmizi səviyyəli, dünyanın qəbul etdiyi standartlar çərçivəsində göstərə bilməlidir».
Xocalı mövzusunda dəyərli ssenarilərin olmadığını görkəmli rejissor, Xalq artisti Eldar Quliyev də təsdiqləyir: “Hesab edirəm ki, bu mövzuda ən sanballı filmlər Qarabağın, Xocalının işğaldan azad olunmasından sonra, elə o yerlərdə çəkilməlidir. Qarabağ, Xocalı mövzusunda film çəkmək hər bir rejissorun, elə mənim də borcumdur. Nəinki 20, hətta 100 ildən sonra da bu filmlər çəkilməlidir və çəkiləcək də. Gələn nəsillər bizim yaşadıqlarımızı, xalqımızın başına gətirilən bəlaları tam təfsilatı ilə bilməlidir. İndiyə qədər çəkilən filmlərə münasibətə gəlincə isə, o çətin zamanlarda çəkilən işləri ərsəyə gətirənlərə böyük minnətdarlıq düşür. Çünki həmin texniki və maddi çətinliklər burulğanında, tez bir zamanda məsələyə kinematoqrafiyanın münasibət bildirməsi faktı özü təqdirəlayiqdir. Şəxsən mənə gəlincə, inşallah, Xocalının işğaldan azad olunmasından sonra onun haqqında film çəkəcəyəm. Özü də elə çəkməliyik ki, onu dünyaya yaya, həqiqətləri göstərə bilək. Faktı, sadəcə, xroniki yox, bədii çalarlarla göstərməliyik”.
Deməli, məsələnin düyün yeri yaxşı ssenaridir. Ən azı ilkin materialın bədii səviyyəsi yüksək olmalıdır ki, ondan da yaxşı nəticə hasil olsun. Bu məqamda ssenaristlərin fikrini də bilmək maraqlı olardı.
Yazıçı-ssenarist İlqar Fəhminin fikrincə, Xocalı mövzusu sırf faciənin miqyasını göstərməyə yönəlməməlidir: «Mənə elə gəlir ki, Xocalı ilə bağlı sırf faciəli bir şey çəksək insanların yaralı yerinə toxunub onu bir az da qıcıqlandırmağa bənzəyəcək. Sadəcə, bir az fərqli işıqlandırılmalıdır. Nə isə bunun başqa cür təqdimatına çalışmalıyıq. Yəni kino əsəri keyfiyyətli və dünyaya çıxacaq formada olmalıdır. Ümumiyyətlə, Qarabağ mövzusu ilə bağlı film çox çəkilsə də, sırf Xocalı faktının bədii kinoda az həll olunması bir ssenarist kimi məni də narahat edir. Bəlkə də onun mahiyyətini, ağırlığını, əziyyətini dərindən dərk etmək üçün vaxt keçməlidir. Amma sırf mənim üçün bu mövzu bir şəhərin məhvi yox, millətin sinəsinə çəkilən dağ, onun təfəkkürünə vurulan yaradır».

Həmidə Nizamiqızı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR