Bəzi məktəblərdə dərslər niyə altıgünlükdür? – Nazirlik
Ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsində (I-IV siniflər) rəsmi olaraq 5 günlük tədris həftəsi tətbiq edilir. Yuxarı siniflərdə isə 5 günlük tədris həftəsinə keçidlə bağlı müəyyən çətinliklər meydana çıxır.
Bu barədə Axar.az-a Təhsil Nazirliyindən ümumtəhsil məktəblərində tədris 5 günlük olsa da, bəzi məktəblərdə dərslərin həftənin 6-cı günü də keçirilməsinin səbəbləri ilə bağlı sorğumuzu cavablandırarkən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, ümumtəhsil məktəblərinin hər dərs ili üçün təsdiq edilən tədris planlarında Azərbaycan bölməsi üzrə V siniflərdə həftəlik dərs saatlarının miqdarı 25, tədris digər dillərdə aparılan bölmələr (rus, gürcü) üzrə isə 27 saatdır:
“Çünki həmin bölmələrdə dövlət dili kimi “Azərbaycan dili” fənni keçilir və bu fənnə həftədə 2 saat ayrılır. Göründüyü kimi, V siniflərdə həftəlik dərs saatlarının miqdarına görə 5 günlük tədris həftəsi tətbiq oluna bilər.
Lakin tədris planında VI sinifdə həftəlik 29/31, VII sinifdə 31/33, VII və IX siniflərdə 32/34, X və XI siniflərdə 33/35 saat dərs nəzərdə tutulub (kəsrin sağındakı rəqəm tədris digər dillərdə olan bölmələrə aiddir). Bu halda 5 günlük tədris həftəsinə keçilərsə, cədvəl üzrə gündəlik dərs saatlarının sayında artıqlıq yaranır ki, bu da şagirdlərin zehni yüklənməsi ilə nəticələnir.
Xüsusilə, ikinövbəli məktəblərdə həmin prosesin tənzimlənməsində xeyli çətinliklər yaranır. Ona görə də yuxarı siniflərdə 5 günlük tədris həftəsinin tətbiqindən imtina halları yaranır”.
Nazirlikdən həmçinin onu da bildiriblər ki, 6 günlük tədris həftəsinin tətbiqi pozuntu hesab olunmur.
Məktəblərdə iş rejimi Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə”sinə uyğun tənzimlənir.
Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrdə şagirdlərin dərs proqramı asanlaşdırılmaqla dördgünlük tədris həftəsi kampaniyasına keçid reallaşdırılır. Tədqiqatların nəticəsinə görə, məktəblilərin daha çox istirahət etməsi onların dərsləri daha mükəmməl qavramasına və yaradıcı-analitik təfəkkürün formalaşmasına imkan yaradır.
Şagirdlərin həddən artıq çox yüklənməsi isə yaradıcı düşüncəni və qabiliyyəti məhv edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət