Belarusun Azərbaycandakı səfirliyinin kollektivi Həzi Aslanovun xatirəsini yad edib
Fevralın 4-də Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və səfirliyin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyi şərəfinə xatirəsini yad edib, məzarı önünə tər güllər qoyublar.
Bu barədə AZƏRTAC-a səfirliyin mətbuat xidmətindən bildiriblər.
Həzi Aslanov Böyük Vətən müharibəsi illərində Belarus ərazisində gedən döyüşlərdə fəal iştirak edib. Onun komandanlıq etdiyi tank briqadası bilavasitə Vileykanı, Molodeçnonu və Belarusun digər yaşayış məntəqələrini düşməndən azad edib.
Görkəmli xidmətləri olmuş tank birləşmələri komandiri general-mayor Həzi Aslanovun xatirəsinə ehtiram əlaməti olaraq ona Belarusun Vileyka şəhərində abidə ucaldılıb.
Bu günlərdə Vileykada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr edilmiş təntənəli mitinq-rekviyem keçirilib. Vileyka Rayon İcraiyyə Komitəsinin sədri Oleq Bequnets deyib ki, “Baqration” əməliyyatı gedişində 35-ci qvardiya tank briqadasının başında Vileyka, Borisov və Smorqon şəhərlərini azad edən, Minskin azad edilməsində fəal iştirak edən Həzi Aslanov Vileyka sakinləri üçün xilaskar əsgər rəmzidir. “Azərbaycanlı qəhrəmanın hünəri belarusların yaddaşında və qəlbində daim yaşayacaq. Biz onun nümunəsində böyüməkdə olan nəsildə vətənpərvərliyi tərbiyə edəcəyik”, - deyə O.Bequnets bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət