Bəhruz Quliyev: Prezident İlham Əliyev Azərbaycan gəncliyinin institusional inkişafını təmin edir
Prezident İlham Əliyev Azərbaycan gəncliyinin institusional inkişafını təmin edir. Bunu Trend-ə açıqlamasında siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısını şərh edərkən deyib.
O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin kökündə dayanan amil 90-cı illərin əvvəllərində vətəndaş müharibəsindən çıxan Azərbaycan gəncliyinin vətəndaş cəmiyyətinin formalaşması prosesinə cəlb olunması və həmin dövrdən etibarən həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir: "Azərbaycanda gənclərin inkişafı istiqamətində atılan addımların başlıca məqsədi gənclərin enerjisindən dövlət idarəçiliyində, ictimai institutlarda, qanunvericilik orqanlarında və mühüm platformalarda daha səmərəli istifadə etməkdir. Bu gün gənclərimiz ölkəmizi müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elm auditoriyalarında təmsil edə bilirsə, bu, Azərbaycan gəncliyinin inkişafının göstəricisi, dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir".
Ekspert vurğulayıb ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub: "Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr təkcə paytaxt gənclərini deyil, eləcə də region gənclərinin inkişafını stimullaşdırır. Region gənclərinin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır. Bir sözlə, Azərbaycan gənclərinin xaricdə təhsilindən tutmuş fərdi inkişaflarına qədər bir sıra dövlət qurumları və fondlar tərəfindən dəstək göstərilir. Bu uğurlar həm dövlətin apardığı siyasət, həm də liderin şəxsi iradəsi nəticəsində qazanılıb. Ən əsası odur ki, gənclik bunu yüksək qiymətləndirir və biz bunun Aprel döyüşlərində də bir daha şahidi olduq. Belə ki, həmin vaxt Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı azad etməyə hazır olduğunu əməli ilə sübut etdi. Bu isə liderə etiramın və inamın əlamətidir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət