BƏƏ banisinin memorialını 29 mindən çox insan ziyarət edib
Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nahyanın Əbu-Dabidəki memorialı bu il aprelin 22-də ictimaiyyətin ziyarəti üçün açıq elan edilib.
AZƏRTAC BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, ötən müddətdə memorialı 29.583 nəfər ziyarət edib. Memorialı ziyarət edənlər arasında tələbələrin tədris müəssisələrinin və akademik müəssisələrin ali vəzifəli şəxslərinin sayı 1385 nəfər olub.
Ölkənin banisinin xatirəsini əbədiləşdirmək, BƏƏ-nin mərhum liderinə ehtiram bildirmək, habelə buraya gələnlərə onun həyat və fəaliyyəti, uğurları və irsi barədə məlumat vermək məqsədilə yaradılmış bu memorialın mərkəzi elementi dünya şöhrətli rəssam Ralf Helmikin “Kəhkəşan” adlı monumental installyasiyasıdır. Şeyx Zayedin üçölçülü dinamik portretinə müxtəlif nöqtələrdən baxmaq mümkündür. “Kəhkəşan” portretini təşkil edən həndəsi fiqurlar gecə vaxtı ulduzlar kimi sayrışır. Bu, şeyx Zayedin BƏƏ xalqının yoluna işıq saçan ideallarının zamanın fövqündə olan dəyərinin rəmzidir.
Memorialın ictimaiyyət tərəfindən ziyarət edilməsi üçün açılışı Zayed ilinə təsadüf edib. İl ərzində bu məkanda 432 mədəni tədbir keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət