Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bədəndə nə qədər çox xal varsa, bir o qədər də risk var

Bədəndə nə qədər çox xal varsa, bir o qədər də risk var
Sakura

Bədəndə nə qədər çox xal varsa, bir o qədər də risk var

Vaxtilə insanın üzündəki xallar gözəllik rəmzi hesab edilirdi.

İndi isə əksər hallarda xalların bənizi korladığını düşünərək, onlardan qurtulmağa can atırlar. Lakin istənilən xalı yandırmaq, kəsib atmaq olmaz. Heç bir araşdırma aparmadan xalı kəsdirmək bəzən ciddi nəticələr doğura bilər. Respublikanın baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudovla söhbətimiz bu haqdadır.

- Üzdəki, ümumiyyətlə bədəndəki arzuolunmuz xalların kəsilməsi hansısa problem yarada bilərmi?

- Bu məsələyə qətiyyən birmənalı yanaşmaq olmaz. Bəzən həkimlər insanın istəyi ilə xalı yandırırlar. Amma elə xallar var ki, yandırıla bilməz. Həkim ilk olaraq, bu xalın etiopatogenezini dəqiqləşdirməlidir. Yalnız bundan sonra xalın yandırılıb-yandırılmamasına dair qərar verilə bilər.

Bəllidir ki, günün altında bütün xallar aktivləşir. Buna görə bütün dünyada dermatoskopiya aparılır, xalın damar qidalanması, sinir qidalanması yoxlanılır. Xalın ümumi şəklini çəkirlər. Bir il sonra təkrar şəkil çəkilir, xalın böyüyüb-böyümədiyi dəqiqləşdirilir. Əgər xal böyüyürsə və ya hansısa geyim elementi (məsələn, qadınlarda büsthalterin ipi) xala sürtülüb onu qıcıqlandırırsa, onda xal mütləq şişir. Bu halda xalın nəyəsə çevrilə biləcəyinə dair şübhələr yarandığından, bu tip xalları götürürlər. Təbii ki, kəsilən hər bir xalın biopsiyaya göndərilməsi məsləhətdir. Hansısa xoşagəlməz xal olarsa, onun ətrafı da səhmana salınmalıdır.

- Adətən yaşlı insanlarda qoltuqaltında, boyunda xırda ətli xallar olur. Bədəndə bu cür xalların qalması sağlamlığa hansısa təhlükə yaradırmı?

- Bu gün əsas xallar "virus papilloması" adlandırdığımız xallardır. Boyunda, qoltuqaltındakı ətli xallar adətən təhlükəli olmur. Onlar elektrokoaqulyasiya, yaxud maye azotla götürülə bilər. Amma elə xallar da var ki, onları yandıranda daha da çoxalır. Ona görə zədələnən xalı ümumiyyətlə götürmək lazımdır. Ümumiyyətlə isə xallı insanlara gün altında uzun müddət gəzmək məsləhət deyil.

Bədəndə nə qədər çox xal olarsa, risk də çoxalır. Belə adamlar daim xallara nəzarət etməlidirlər.

Nədənsə, insanlar düşünürlər ki, bədəndə artıq olan nələrsə var. Məsələn, amerikalılar uşaqlarda appendiksi kəsib atırdılar. 20 ildən sonra statistika göstərdi ki, bu uşaqlar digərlərinə nisbətən 10-15 dəfə çox infeksion xəstəliklərə yoluxurlar. İnsan orqanizmində artıq heç nə yoxdur.

- Üzdə ət xalı olan kişilərin üzünü qırxması üçün bərbərxanaya getməsi nə dərəcədə düzgündür?

- Bəzi bərbərxanalar infeksiya mənbəyidir. Elə bərbər var ki, illərlə eyni qayçı və aparatla işləyir. Bu cihazları dezinfeksiya etmirlər, spirtlə silib yola verirlər. Ona görə də bu gün kişilər bizə follikulit, stafilokokk, qoltuqaltı hidradenit kimi şikayətlərlə müraciət edirlər. Ailədə də bəzən diqqət edilmir, bir ülgücdən ailənin bir neçə üzvü istifadə edir.

- İndi solyariyə gedib dərini qaraltmaq da dəbdədir. Bu prosedurun dəriyə hansısa ziyanı varmı?

- Solyaridə dərini yandırıb qurudurlar. Bu, ən pis halda xərçəngə də gətirib çıxara bilər. Fikir verirsinizmi, hər tibb müəssisəsinin qarşısında çoxlu insanlar var. Niyə xəstəliklər belə çox yayılıb? İnsan özünü qorumalı, müalicə etməlidir. Normalda insan orqanizmində immunitet mövcud olur. Lakin müxtəlif ziyanlı prosedurlar bu immuniteti zəfilədir, ona görə də xəstəlikləri müalicə etmək, problemi həll etmək mümkün olmur.

Məsələn, müasir insanlar hər gün çimirlər. Bu qədər çox çimmək düzgün deyil. Çünki dəri piy qatı buraxır, sabun da dərini qurudur. Sonra da 40 yaşında qadının dərisi limon qabığına oxşayır. Dəridə su olmalıdır. Mən əhalini öz bədəninə, dərisinə diqqətlə yanaşmağa, anormal halla rastlaşdıqda isə yalnız mütəxəssislərə müraciət etməyə çağırıram.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR