Baş nazirin müavini: "Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir"
“Sosial medianın gətirdiyi fəsadlar da var. Təbii ki, bu, bizi narahat edir. Bəzi hallarda bu, insanların hüquqlarının pozulması ilə müşayiət olunur, onlar təhqirə məruz qalırlar. Orada istənilən insanı təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, burada müdafiə mexanizmi yoxdur”.
“Report”un xəbərinə görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi - sədr müavini Əli Əhmədov qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşündə deyib.
O bildirib ki, belə hallar digər ölkələrdə də baş verir: “Ayrı-ayrı ölkələrdə bunun qarşısının alınması yolları araşdırılır. Bəzi hallarda hətta internetin məhdudlaşdırılması kimi addımlar atılır. Azərbaycanda bu məsələ ilə bağlı hüquqi baza mövcuddur, amma tətbiq mexanizmi yoxdur. Sosial şəbəkələr ictimai məkandır, şəxsi deyil. Evdə özünü necə aparırsansa, burada elə ola bilməzsən. Sənin hərəkətlərin başqalarının hüquqlarını pozmamalıdır. İnsanlara qarşı mənəvi terror hərəkətlərinin qarşısı alınmalıdır, bunun mexanizmi hazırlanmalıdır. Burada hüquqi, texniki baxımdan addımlar atılmalıdır. Mən internetin məhdudlaşdırılmasından tamamilə uzağam, amma bu məsələlər tənzimlənməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət