Dərc edildi: Baxış sayı: 8401
Baş gicəllənməsi nəyə işarədir?
Əgər ilk dəfə, qəfildən ortaya çıxan baş gicəllənmələri varsa və bu hal davamlı xarakter alıbsa, yubanmadan həkimə müraciət etmək lazımdır. Bu hal bir hərəkət yanılmasıdır. Xəstəyə elə gəlir ki, ya özü, ya da ətrafı hərəkət edir. Baş gicəllənmələri müşahidə olunduqda çox vaxt insan özünü zəlzələ baş verdiyi vaxtdakı kimi hiss edir və ya "yer ayağımın altından qaçır” ifadəsini işlədir.
Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.
Həkimin dediyinə görə, bu hal bədəndə baş verən bir sıra dəyişikliklərin göstəricisidir.
"Baş gicəllənmələri əsasən bədəndəki qanın həcmi, ürək ritmlərinin sürəti və qan təzyiqindəki dəyişikliklərlə əlaqədar yaranır. Həmçinin beynin alt və aşağı hissəsində yerləşən beyincik və daxili qulaqda yerləşən yarımdairəvi kanalların xəstəlikləri də baş dönməsinə və müvazinətin pozulmasına səbəb olur. Baş dönməsi miqrenin qabaqlayıcı əlaməti şəklində də rast gəlinə bilər”,-deyə nevroloq deyib.
Müayinə zamanı yanaşı gedən ürək bulanma, qusma, tərləmə, əl-ayaqda uyuşma, bulanıq görmə, gücsüzlük, qulaqda küy, eşitmənin azalması kimi əlamətlər xəstəliyin yaranma səbəbləri haqqında ilkin məlumat verir. Bununla yanaşı istifadə edilən bəzi dərman preparatları da baş dönməsinə səbəb ola bilər”.
Nevroloqun sözlərinə görə, xəstəliyin kəskin və ya yavaş-yavaş başlaması, davam etmə müddəti, şiddətli baş dönməsinin mərkəzi və ya periferik səbəblərini fərqləndirmək üçün ipucu verir: "Həmin problemləri yaşayan xəstələrin həkimə vaxtında müraciət etməsi ürək-damar sistemi xəstəlikləri, beyin şişləri, kistlər, miqren, dağınıq skleroz kimi bir çox xəstəliyin vaxtında diaqnoz qoyulması və müalicəsi baxımından çox vacibdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox