Bankomat kartı geri qaytarmırsa, nə etməli?
Bəli, bu, xoşagəlməz olsa da, tamamilə həll ediləcək bir problemdir. Belə olan halda yalnız necə hərəkət etməyi bilməyiniz vacibdir.
“Gencaile.az” saytı “tonkosti.ru”-ya istinadla “inadçı” bankomatla baş verən belə hallarda karınıza gələcək bir neçə sadə məsləhəti diqqətinizə çatdırır.
Bankomat niyə kartı geri qaytarmır?
Bunun bir neçə – həm ciddi, həm də mənasız səbəbi ola bilər.
Kart maqnitsizləşib; PİN-kod bir neçə dəfə ardıcıl olaraq səhvən yeridilib; Kartın müddəti keçib, yaxud bloklanıb; Siz ayrılan vaxt başa çatdıqda kartı geri götürməmisiniz; Aparılan əməliyyat şübhə yaradıb (məsələn, bütün vəsaitin hesabdan çıxarılması); Bankomat qırılıb, yaxud “donub”.
İlk növbədə nə etməli?
Siz nəyinsə qaydasında olmadığını dərhal başa düşdükdə “Ləğv” düyməsini basın. Bəzi hallarda bu variant kömək edir və bankomat kartı qaytarır.
Məbadə bankomatdan aralanmayın. Onun sadəcə olaraq “donması” tamamilə mümkündür, aparat 10-20 dəqiqədən sonra “özünə gələ” və kartınızı sizə qaytara bilər. Əgər asanlıqla problemi həll etmək sizə nəsib olmadısa, o zaman digər vasitələri sınaqdan keçirin.
Kartı “udan” sizin bankınızın bankomatıdırsa
Bu halda geri qaytarma proseduru çox sadədir, lakin vaxt tələb edir. Beləliklə, hərəkətlərin ardıcıllığını təqdim edirik.
Banka zəng edərək insident barədə xəbər verin. Kartın geri qaytarılması üçün hansı sənədlərlə haraya müraciət etməyiniz barədə sizi məlumatlandıracaqlar. Əlaqə telefonu bankomat üzərində qeyd olunmalıdır.
Yaxşı olardı ki, kart bloklansın. Bu halda siz kartdan üçüncü şəxsin istifadə etməyəcəyinə əmin olacaqsınız.
Mümkünsə, əlinizin altında bankınızın əlaqə nömrəsini gəzdirin. Məsələn, nömrəni mobil telefonunuzun yaddaşına qeyd edin. Həmçinin kartınızın nömrəsini, istifadə müddətini və gizli sualı yadınızda saxlayın.
Kartı “udan” sizin bankınızın bankomatı deyilsə
Mütləq kartı bloklayın; Sizin probleminizdə təqsiri olan bankomatın məxsus olduğu banka zəng edin və kartın geri qaytarılma qaydasını dəqiqləşdirin. Əlaqə telefonu bankomat üzərində qeyd olunmalıdır; Baş verən vəziyyət barədə öz bankınıza xəbər verin. Kartın geri qaytarılması üçün sizin bankdan təsdiqləyici məktub lazım ola bilər.
Yadda saxlayın! Baş verən hal xoşagəlməzdir, lakin pulların itməsi deyil. Kartınızda saxlanılan vəsait sizin hesabınızda qalacaq. Ehtiyac yarandığı halda daim bankınıza müraciət edə və kassadan sizə lazım olan məbləği ala bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət