Bankların girovu olan mənzillər satışa çıxarılıb
Əmanətlərin Sığortalanması Fondu “Bank Standard”, “Qafqaz İnkişaf Bankı” və “Kredobank” ASC-nin kredit təminatı qismində balansa götürülmüş əmlaklarını hərraca çıxarıb.
Oxu.Az xəbər verir ki, “Kredobank” ASC-nin balansında olan mənzil hərraca sentyabrın 17-də çıxarılacaq.
Bu daşınmaz əmlakın satış dəyəri 49 min 56 manatdır.
Ümumi sahəsi 60.3 kv.m olan mənzil Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 5 mənzil 14. ünvanında yerləşir. Ev orta təmirlidir.
“Bank Standard”ın balansında olan və hərraca çıxarılan əmlakın ilkin satış qiyməti isə 280 100 manatdır. Ev Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşir. Ümumi sahəsi 58,8 kv.m olan bu mənzil üzrə hərrac sentyabrın 10-da baş tutacaq.
Göstərilən tarixdə satışa çıxarılan daha bir mənzil ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nın balansındadır. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllədə yerləşən əmlakın ümumi sahəsi 250,94 kv.m, 7 otaqdır. Evin ikin satış qiyməti 90 490 manatdır.
Xatırladaq ki, hər üç bank bağlanıb.Bu əmlakların saıtşından əldə edilən gəlirin hansı istiqamətə yönəldiləcəyinə gəlincə,ekspert Əkrəm Həsənov müflis olmuş bankların ləğvedicisinin Əmanətlərin Sığortalanması Fondu olduğunu deyir.
Onun sözlərinə görə, fondun vəzifəsi bankın bütün əmlakını pula çevirməkdir:
“Pula çevirmək dedikdə bankın verdiyi kreditləri qaytarmalı, eləcə də daşınar və daşınmaz əmlakını satmalıdır. Satışdan əldə edilən vəsaitlər isə növbəlilik qaydasında bölüşdürülür.
İlk növbədə Əmanətlərin Sığortalanması Fondunun xərcləri ödənilir. Çünki fond sığortalanmış əmanətləri kompensasiya edib, bu istiqamətdə xərclədiyi vəsaiti geri qaytarmalıdır. Məsələn, Əmanətlərin Sığortalanması Fondu “Bank Standard”ın əmanətçilərinə 450 milyon manat ödəyib.
Bundan başqa, hərraclardan toplanan vəsait həm də fondun ləğvetmə prosesi ilə bağlı xərclərinin qarışlanmasına yönəldilir. Söhbət hərracların təşkili, dəftərxana, poçt, nəqliyyat, əməkhaqqı və sair xərclərdən gedir. Elə “Bank Standard”la bağlı fond ildə 4 milyon manat xərcləyib”.
Ekspert deyir ki, Əmanətlərin Sığortalanması Fondunun xərcləri ödəndikdən sonra hərraclardan yığılan vəsait bağlanan bankın keçmiş işçilərinin əməkhaqqlarının ödənişinə sərf edilə bilər:
“Pul qaldığı halda bankın dövlət qarşısında borcları, vergi öhdəlikləri icra edilir. Sonda bankın digər borcları qaytarılır. Bura sığortalanmamış əmanətlər, hüquqi şəxslərin bank hesablarındakı vəsaitləri, Mərkəzi Bank da daxil digər maliyyə qurumlarında götürdüyü borclar daxildir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət