Banklardakı əmanətlərin tam sığortalanması müddəti uzadılacaqmı?
2019-cu il martın 2-dək bankların qəbul etdiyi əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla tam məbləğdə sığortaladır və tam məbləğdə kompensasiya olunur.
Oxu.Az xəbər verir ki, bu müddət bitəndən sonra qanunun hüquqi qüvvəsi uzadılmasa, vətəndaşların banklarda olan vəsaitinin yalnız 30 min manatı kompensasiya ediləcək. Ekspertlər isə hesab edirlər ki, əmanətlərin tam həcmdə qorunması müddətinin artırılması gözlənilir.
Qeyd edək ki, 1 dekabr 2018-ci il tarixinə Azərbaycan banklarında 18 milyard manat həcmində depozit var. Depozitlərin 7 milyard 989 milyon manatı fiziki şəxslərə məxsusdur, qalan 10 milyard isə hüquqi şəxslərin bank hesablarıdır. Fiziki şəxslər 5 milyard 452 milyon manatı uzun müddətli banklara etibar etsələr də, hüquqi şəxslər cəmi 1 milyard 822 milyon manatını uzunmüddətli depozit qoyub, qalan vəsaitlər isə tələblidir.
Bankların iqtisadiyyata kredit qoyuluşları zəif olduğundan əslində bankların əksəriyyəti əmanət qəbul etməyə o qədər də maraqlı deyillər. Xüsusən də dayanıqlı bank kimi tanınan bir neçə bankın təklif etdiyi faiz dərəcələri bunu deməyə əsas verir.
Çünki banklarda izafi likvidlik böyükdür, xüsusən depozitin kreditə nisbəti çox yüksəkdir. Məsələn, 2013-cü ildə təxminən 15 milyardlıq kreditə qarşı 12 milyardlıq depozit vardısa, bu gün 18 milyardlıq depozitə qarşı 12 milyardlıq kredit var. Nəticədə, bank sektorunda yüksək izafi likvidlik yaranıb və sektor bu vəsaitləri istifadə etməyə çətinlik çəkir.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, maliyyə-bank sektorunda təhlükələr tam aradan qaldırılmadığından zamana ehtiyac var. R.Həsənov təklif edir ki, manatla əmanətlərin həcmindən asılı olmayaraq sığortalanması təmin edilsin, xarici valyutada olan əmanətlərin isə ümumiyyətlə sığortalanması dayandırılsın.
“Banklar mərhələli şəkildə əmanətlər üzrə faizləri aşağı salırlar. Bu isə əmanətlərin cəlb edilməsi tempinə neqativ təsir göstərəcək. Ona görə də düşünürəm ki, bu müsbət həll olunacaq. Əgər müddət uzadılmasa əmanətləri sığortalı olsun deyə 30 min manatdan yuxarı olmamaq şərti ilə bir neçə bankda yerləşdirə bilərlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət