Slimfit
  1. CƏMİYYƏT

Balıq mövsümü başladı - qiymətlər

Balıq mövsümü başladı - qiymətlər
Sakura

Balıq mövsümü başladı - qiymətlər

Balığa tələbat yüksəkdir, ancaq...

Sentyabr ayından etibarən balıq mövsümü başlayır. (Deyirlər ki, balığı adətən “r” hərfi olan aylarda yemək lazımdır).  Bu aydan artıq balıq ovçularına kvotalar verilir, bazarlarda diri balıqların satışı başlayır. Bakı dəniz sahilində, Azərbaycan ərazisində Kür və Araz çayları keçdiyi üçün ölkə əhalisi balıq baxımdan ciddi korluq çəkmir. İnsanları narahat edən yeganə məsələ qiymətlər və Xəzər dənizində aparılan müxtəlif geoloji işlər, çirkab sularının axıdılması nəticəsində balıqların azalmasıdır.

Hazırda balıq bazarında vəziyyət necədir?

“Yeni Müsavat”ın əməkdaşı olaraq “8-ci kilometr bazarı”nın balıq satılan bölməsində olub, qiymətlərlə maraqlandıq. Bazarda əvvəlki kimi natəmiz şəraitdə balıqların satıldığını müşahidə etmədik. Artıq balıq bölməsi digər bölmələrdən tamamilə ayrılıb. Ətraf əraziyə xüsusi qoruyucular vurulub. Balıq satanlar piştaxtanın üzərinə balıqları düzməklə yanaşı, qarşılarındakı iri qablarda diri balıqları da satırlar. Bazarda ən çox kütüm, farel, xan, sazan və ağ-amur (belamur) balıqları satılır.

Satıcılar bildirdilər ki, alıcıları kifayət qədər olsa da, yeni balıqları azdır. Buna görə də qiymətlərdə endirim etmirlər. Hazırda kütüm balığının 1 kiloqramı 8 manata, belamur 6 manata, farel 13 manata, sazan 5 manata, xan balığı da 1 kiloqramı 5 manata satılır. Alıcılar ən çox farel və kütüm balığını alırlar. Ona görə də bazarda ən çox satılan və qiymətində endirim olmayan balıqlar da qeyd etdiklərimizdir. Satıcılar söylədilər ki, bu il kvota azaldılsa da, ümumilikdə Xəzər dənizində balıq tapmaqda çətinlik çəkmirlər.

Satıcı Aydın bildirdi ki, ötən aylarda xaricdən gətirilən balıqları satırdılar. İndi isə yerli balıqların satışı ilə məşğuldurlar: “Balıqların hamısı yenidir. Qablarda olan diri balıqlardan başqa, piştaxtanın üzərində satdığımız da bu günün balıqlarıdır. Ötən aylarda Azərbaycanda balıqçılar dənizə çıxmadığı üçün xaricdən mal alırdıq. Xaric dedikdə daha çox Dağıstandan gətirirdik. Təbii ki, həmin balıqlar buzlu olurdu və burada da soyuducuda saxlayırdıq. İndi isə balıqçılar dənizə, çaylara çıxırlar. Balıqları cənub bölgəsindən gələn balıqçılardan alırıq. Eyni zamanda Bakıda balıq ovlayan balıqçıların da mallarını götürürük. Aldığımız balığın üzərinə bəzən heç 1 manat qoymuruq. Axşama doğru balıq xarab ola bilir. Ona görə də günortadan sonraya qədər satıb, evə gedirik. Bu baxımdan qiyməti çox yuxarı etmirik ki, satılsın”.

Qanunvericiliyə əsasən, balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama bileti ödənişlidir və 1 il müddətinə verilir. Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na görə balıq və digər su bioresurslarının sənaye ovuna kvota ayrılması və balıqovlama biletinin verilməsi proseduru 2 mərhələdən ibarətdir. 1-ci mərhələdə kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir. Eyni zamanda mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir. Ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xarici vətəndaşlar üçün məbləğ 2 dəfə artıqdır. 2-ci mərhələdə artıq kvotanı almış balıqçı mütləq qaydada ETSN-in rəsmi saytının elektron xidmətlər bölməsindən “Sənaye balıq ovuna balıqovlama biletlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndində göstərilən ərizə formasını doldurur, tələb olunan sənədləri əlavə edir və 5 gün müddətində balıqovlama biletini ala bilir. Əgər hər hansı balıqçı balıqovlama biletinin alınması ilə bağlı çətinliklə rastlaşarsa, departamentə və ya nazirliyin 168 nömrəli “qaynar xətt”inə müraciət edə bilər.

Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənən “2019-cu il üçün ”Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)"sına əsasən  Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 2 min 327,6 tondur.

Bu, 2018-ci illə müqayisədə 33 faizə qədər azdır. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il  tarixli qərarı ilə təsdiqlənən  “2018-ci il üçün Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 3 min 455 ton olub.

Balıq mövsümündə insanları narahat edən məsələlərdən biri də zəhərlənmədir. Balıqdan zəhərlənmə hallarına tez-tez rast gəlinsə də, əslində qaydalara əməl edilərsə, heç bir zəhərlənmə olmaz.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, insanların təzə balıq seçərkən nələrə diqqət etmələri ilə bağlı təlimat hazırlayıblar. Həmin təlimatdan bəzi müddəaları təqdim edirik:

Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülür. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur;

 Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır;

 Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur;

 Təzə balığın qəlsəməsi tünd-qırmızıya, köhnə balığınkı isə boz rəngə çalır. Təzə balığın əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır;

Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir;

Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün onların soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Balıqlar dondurucuda saxlanılmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR