Bakının orta məktəbində robot texnika laboratoriyası yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə 23 nömrəli orta məktəbdə “Robopark” robotexnika laboratoriyası yaradılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, laboratoriyanın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində reallaşdırılıb.
Məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağın artırılması, robot texnika üzrə prototiplərin hazırlanması və eyni zamanda sınaqların keçirilməsinə imkan yaratmaqdır.
Sözügedən laboratoriyada 7-9-cu sinif şagirdləri üçün informatika, proqramlaşdırma və robot texnikası üzrə dərnək şəkilində məşğələlər təşkil olunacaq.
Burada robotların yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədiləcək.
Bu gün keçirilən açılış mərasimində Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, şərti olaraq “Robopark” adlandırılan laboratoriyada məktəblilər robotların yaradılması üzrə ilkin vərdişlərə yiyələnməklə yanaşı, robot texnikanın iş prinsipini və proqramlaşdırmanın sirlərini də öyrənəcəklər. Nazir müavini qeyd edib ki, bu laboratoriya məktəblilərə öz texnoloji ideyalarını sınaqdan keçirmək imkanı da yaradacaq.
“Ümumiyyətlə, orta tədris müəssisələrində əldə edilən texniki biliklər şagirdlərin gələcəkdə ali təhsil müəssisələrinə ixtisas seçimində texniki-texnoloji peşələrə üstünlük vermələrinə şərait yaradır. Bu baxımdan hesab edirəm ki, 23 nömrəli məktəbdə yaradılan laboratoriya da məktəbliləri texniki ixtisaslar seçməyə təşviq edəcək”.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, eləcə də, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına orta təhsil müəssisəsində belə bir laboratoriyanın yaradılmasına görə təşəkkür edib. O bildirib ki, laboratoriya bir çox digər məktəblərə də nümunə olacaq və onlar da bu təcrübədən yararlana biləcəklər. O, texnoloji bilik yarışlarında uğurla iştirak etmək üçün sözügedən laboratoriyada əldə olunan təcrübənin faydalı olacağını qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ofisinin rezident nümayəndəsinin müavini Alessandro Frakassetti təmsil etdiyi qurumun belə bir laboratoriyanın yaradılmasına dəstək verməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin müasirləşdirilməsi, eləcə də, müasir texnologiya ilə təchizatı ixtisaslı mütəxəssis hazırlığının gələcək inkişafına dəstək verir.
“Bu gün açılışını etdiyimiz laboratoriya elektronika mühəndisliyində ən populyar platforma hesab olunan “Arduino” əsasında qurulub. Dünyada geniş istifadə olunan bu platforma vasitəsi ilə erkən yaşlardan uşaqların sahə üzrə bilikləri artırılır və gələcək mühəndislik fəaliyyəti üçün bünövrə yaradır”.
23 nömrəli məktəbin direktoru Yuliya Kərimova laboratoriyanın yaradılmasına göstərilən dəstəyə və burada yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıq edib.
Tədbirdə məktəblilər tərəfindən hazırlanan layihələrin ilkin nümunələri nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, laboratoriyada təlimlərin keçirilməsi “Sumaks Technologies” şirkəti tərəfindən təşkil olunacaq. “Sumaks Technologies” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış startaplardan biridir və artıq şirkət kimi fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət