Slimfit
  1. AZƏRBAYCAN

Bakıdan Ermənistanın 100 illik "xəritəsini" darmadağın edən gediş

Bakıdan Ermənistanın 100 illik "xəritəsini" darmadağın edən gediş
Sakura

Bakıdan Ermənistanın 100 illik "xəritəsini" darmadağın edən gediş

Oktyabrın 6-da rəsmi Bakının Azərbaycan və Gürcüstan arasında mübahisəli məsələyə, daha doğrusu münaqişə ocağına çevirilməsi üçün cəhdlərin olduğu Keşikçi dağı ərazisində diqqətçəkən gedişi qeydə alındı: Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verildi. Ərazidə olan DSX sədri Elçin Quliyev bildirdi ki, “Keşikçi qala” sərhəd zastavası dəniz səviyyəsindən 850 metr hündürlükdə böyük coğrafi sahəni əhatə edən və qədim Alban tarixindən yadigar qalan “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi ilə digərlərindən fərqlənir. Burada xidmət aparan sərhədçilər dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrin, Azərbaycan xalqının mədəni irsinin keşiyində dayanacaqlar”.

Bu, Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq, Azərbaycanın sərhədlərinə müdaxilə etmək və bölgədə milli maraqlarımıza qarşı yeni oyunlar qurmaq istəyənlərə açıq mesajdır.

Əslində Xələf Xələfovun 2019-cu ilin mayında yenidən xarici işlər nazirinin müavini və Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi rəsmi Bakının Gürcüstanla sərhədlərin delimitasiyası müzakirələrinə ciddi start verdiyini və bu məsələdə kimlərinsə hakimiyyəti ittiham etmək üçün fürsət bilməsinin əksinə olaraq, milli maraqlardan kənara bir addım da atılmayacağının sübutu idi. Xələfov 11 il Xəzərin hüquqi statusu ilə bağlı aparılan müzakirələrdə dövlət başçısının nümayəndəsi qismində iştirak edib və Xəzəryanı 5 ölkənin qatıldığı bu gərgin müzakirələrin sonunda Azərbaycan öz maraqlarından geri çəkilmədi, bütün dövlətlərin razılığı ilə ortaq nöqtə tapıldı. Prosesin sonunda Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunan Xələfov Keşikçi dağı məsələsi müzakirə masasına yatırılanda yenidən aktiv diplomatiyaya qaytarıldı. Azərbaycan lideri ilk gedişini etmişdi və prosesin maraqlarımıza uyğun, sülh içində həll olunacağı bəlli idi. Keşikçi dağı məbədini münaqişə ocağına çevirmək istəyənlər də məhz bundan sonra hərəkətə keçdilər.

İyulun 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədildi.

Ardınca Gürcüstan daxilində başqa ölkələrə və kənar qüvvələrə – məbədi münaqişə ocağına çevirmək istəyənlərə bağlı qruplar məbəd ərazisində təxribat davranışlarına yol verdi.

Buna paralel olaraq, həmin qüvvələr məbəd ərazisinin toqquşma bölgəsinə çevrilməsi üçün Gürcüstanda ictimai rəyi manipulyasiya edir, Azərbaycanda isə bu hadisəni “hakimiyyətə ittiham üçün fürsət” hesab edənlər ictimai rəyi çaşdırmağa hesablanmış iddialar irəli sürürdülər. Hərçənd, araşdırmalar Azərbaycan və Gürcüstan daxilindəki qüvvələrin ortaq sahiblərə işlədiyi ehtimallarını gücləndirirdi. (Geosiyasi təxribatın daxili cəbhəsi və rəsmi Bakının oyunları pozan STRATEJİ ADDIMI).

Lakin rəsmi Bakının hərəkətə keçməsi, Tbilisi ilə aparılan danışıqlar, sərhədçilərimizin ərazidə təmkinli davranışı bütün oyunları pozdu. Və bu nəticədən ən çox narazı qalan ermənilər idi. Çünki Keşikçi dağı məbədi ətrafında münaqişə yaratmaq istəyən əsas qüvvə məhz onlar idi. Ermənistanın burada Bakı-Tbilisi xəttində çatların yaradılmasından, İrəvanın düşdüyü iqtisadi-siyasi blokadadan çıxması ümidlərinin cücərdilməsindən tutmuş, Cavaxetiya cəbhəsində Gürcüstana, Dağlıq Qarabağ cəbhəsində Azərbaycana qarşı yeni hücuma keçmək fürsətinin yaradılmasına qədər çoxvektorlu planları var idi.

Keşikçi dağı məbədi ətrafında süni gərginliyin davam etdiyi ərəfədə - avqustun 8-də Ermənistanda Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları üzərində yaradılan “Qərbi Ermənistan parlamenti” adlı qondarma təşkilatın saytında 1919-cu ilin 12 fevralına aid – Paris Sülh Konfransında iştirak edən erməni nümayəndə heyətinin hazırladığı xəritə əsasında yeni xəritənin yayımlanması təxribatın daha böyük oyunlara hesablandığını təsdiqləyir. Xəritədə Türkiyəyə qarşı ərazi iddiaları ilə yanaşı, Gürcüstanın Cavaxetiya bölgəsinə, o cümlədən, Azərbaycan ərazilərinə iddia olunur. Ən maraqlı məqam xəritədə “Düzənlik Qarabağ” adlandırdıqları, Azərbaycanın Zaqatala, Balakən və Qax rayonlarının da daxil olduğu ərazilərdir. Erməni torpaqları kimi göstərilən bu ərazilərə Keşikçi dağı məbədi də daxil edilir.

Bu fakt Keşikçi dağı məbədi ətrafında süni gərginliyin yaradılmasında Ermənistanın aktiv rol oynadığını bir daha sübut edir. Hədəf bölgədə münaqişə ocağı yaratmaqla həm də 1919-cu il xəritəsində iddia etdikləri əraziləri ələ keçirmək fürsəti yaratmaq idi. Gürcüstan mediası yazır ki, ermənilər Cavaxetiyadan sonra Keşikçi dağı məbədinə də iddia edirlər və bununla bağlı BMT-yə rəsmi şəkildə müraciət də olunub.

Azərbaycan və Gürcüstanın təmkinli davranışı bütün bu oyunları pozdu. Rəsmi Bakı ərazidə “Keşikçi qala” sərhəd zastavasının açılışı ilə ermənilərə də, onlara dəstək verənlərə də mesajını verdi: “Sərhədlərimiz toxunulmazdır”.

 

Mənbə: publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR