Bakıda tıxacın qarşısını almaq üçün işıqforlarda "yaşıl dalğa" tətbiq ediləcək
Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həmin şirkətlərə tapşırılıb ki, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılsın, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılsın. Məqsəd xüsusən də ilk dərs günü səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etməkdir.
Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə işıqforlarda "yaşıl dalğa" tətbiq ediləcək.
Agentlik nəzərdə tutulan tədbirlərin səmərəli olması üçün hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edilir ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bildirilir ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət