Bakıda şagird məktəb direktoru oldu
Paytaxtdakı 263 nömrəli tam orta məktəbdə həyata keçirilən layihə çərçivəsində tədris nailiyyətləri və bacarıq qabiliyyətləri ilə fərqlənən şagirdlər bir gün ərzində məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri, psixoloq, hərbi rəhbər kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, bu proses “Şagird həftəsi” layihəsi çərçivəsində baş tutub.
Tədris ocağında mövcud iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini məharətlə yerinə yetirməyə çalışıblar.
Məktəb idarəetməsində iştirak edən VIII, IX, X, XI sinif şagirdləri tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə biliblər. Bundan əlavə, şagirdlərə sevdikləri fənni tədris etmələri üçün də şərait yaradılıb.
Bundan başqa, layihə çərçivəsində şagirdlərin ali təhsil müəssisələrinə ekskursiyası da nəzərdə tutulub.
Qeyd edək ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisəsində “Şagird həftəsi” layihəsinə start verilib. Layihənin əsas məqsədi şagirdlərə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətləri aşılamaq, onların peşə məsuliyyətini dərk etməsinə köməklik göstərmək, məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirmək bacarıqlarına yiyələnməsinə nail olmaqdan ibarətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət