Bakıda intellektual nəqliyyat sistemi müzakirə olunur
Bu gün Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “İntellektual nəqliyyat sistemi” adlı ikigünlük praktiki seminar işə başlayıb.
Seminarda MDB ölkələrinin mərkəzi icra hakimiyyəti və tənzimləyici orqanları, telekommunikasiya operatorları, avadanlıq və proqram təminatı istehsalçıları, eləcə də digər əlaqədar təşkilatların nümayəndələri iştirak edirlər.
Sözügedən tədbirin təşkilində məqsəd intellektual nəqliyyat sisteminin inkişafı problemlərini müzakirə etmək, sahə üzrə müasir tendensiyaları müəyyənləşdirmək, iştirakçı ölkələrlə Azərbaycan təcrübəsini bölüşərək əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Seminar çərçivəsində 4 sessiya və 1 “dəyirmi masa”nın təşkili nəzərdə tutulub.
Seminarın ilk günü “İntellektual nəqliyyat sistemində strateji aspektlər”, “Beynəlxalq əməkdaşlıq və beynəlxalq nəqliyyat sisteminin inkişafı üçün İKT-nin uğurlu istifadəsi” sessiyaları keçirilib.
Qazaxıstanın Mühəndislik və İqtisadiyyat Universitetinin, Qlobal İnformasiya Məkanı İnstitutunun, Ukrayna Şəbəkə İnformasiya Mərkəzinin, ABŞ-ın “Intel” korporasiyasının, “Nokia” şirkətinin nümayəndələri məruzələrlə çıxış ediblər.
Aprelin 17-də seminar öz işini “İntellektual nəqliyyat sistemində texniki məsələlər” və “Normativ-hüquqi suallar” sessiyaları ilə davam etdirəcək.
Sessiyalarda müvafiq olaraq intellektual ictimai nəqliyyat sisteminin strateji inkişafında dövlətin rolu, sahə standartları, yeni nəsil intellektual sistemləri və onların inkişafında beynəlxalq tendensiyalar müzakirə olunur. Eyni zamanda, intellektual nəqliyyat sisteminin inkişafı üçün üzv dövlətlərin İKT-dən istifadə təcrübəsi, eləcə də ödəmə sistemlərinin quruluşu, ictimai nəqliyyatın idarəetməsi üçün innovativ texnoloji məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Mənbə: İctnews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət