Slimfit
  1. AZƏRBAYCAN

Bakıda Gürcüstan nömrəli maşınlar artır - səbəb...

Bakıda Gürcüstan nömrəli maşınlar artır - səbəb...
Sakura

Bakıda Gürcüstan nömrəli maşınlar artır - səbəb...

Ekspert: “Gürcüstandan gətirilən avtomobillərə güzəştlər etmək, normal qaydalar yaratmaq lazımdır”

Bakıda günbəgün Gürcüstanın dövlət nömrə nişanını daşıyan avtomobillərin sayı artır. Bu avtomobilləri hətta xidmət sektorunda da görmək mümkündür. Gürcüstandan gətirilən avtomobillər azərbaycanlılar tərəfindən gürcü vətəndaşının adına alınır. Qanunvericiliyə görə, avtomobili alan şəxs hər 90 gündən bir sərhədi keçib, sənədinə möhür vurdurmalıdır. Yəni avtomobili alan şəxs hər 90 gündən bir məsrəf sərf etməlidir ki, həmin maşını Bakıda sürə bilsin.

Bəs bu avtomobillərin ölkədə artımının səbəbi nədir?

Yeni Müsavat”a danışan ekspert Elməddin Muradlı bildirib ki, məsələ doğrudan da çox aktualdır və problemin kökünə diqqət edilməlidir:

“Ölkəyə gətirilən avtomobillərə ƏDV, aksiz vergisi və gömrük rüsumu yüksək olduğu üçün, qiymətlər iki dəfədən də çox bahalaşır. Bu, birmənalıdır. Hər ilin yanvar ayında bu vergilərdə artım olur. Beləliklə də Azərbaycan konkret olaraq köhnə avtomobillərin ümidinə qoyulur. Yəni artıq elə bir dövr gəlib çatıb ki, daxili bazarda satılan avtomobillərin 40 faizini Azərbaycana əvvəlcədən gətirilən avtomobillər təşkil edir. Bu avtomobillərin əksəriyyəti 2015-ci ilə qədər ölkəyə gətirilənlərdir. İnsanlar artıq son zamanlar Gürcüstandan maşın alıb, gürcü nömrəsi ilə onları Azərbaycanda idarə etməyə üstünlük verirlər. Onlar əgər bu nömrəli maşınlarla taksi fəaliyyəti ilə məşğul olurlarsa, qanunvericiliyə ziddir. Ancaq açıq-aşkar görünür ki, onlar taksi fəaliyyəti ilə məşğul olurlar. Hətta rayonlara da sərnişin daşıyırlar. Artıq müşahidə edilir ki, ölkəyə mikroavtobus və avtobuslar da gətirib, turizm sahəsində işləyənlər də var. Aidiyyəti qurumlar bunun qarşısını almağa çalışmasınlar. Sadəcə olaraq, səbəbi araşdırıb, nöqsanlarını görsünlər ki, insanlar niyə bu vəziyyətə düşüb. Gürcüstan bizdən nə ilə artıqdır? Bu ölkənin ərazisi bizdən az, enerjini də Azərbaycandan alır. Necə olur ki, həmin maşınlar Gürcüstana su qiymətinə gəlir? Gürcüstandan 5 min dollara alınan maşın, deməli, ora 3 min dollara gəlir ki, gürcü də onun üzərinə pul qoyub, azərbaycanlıya satır. Bu minvalla Gürcüstandan 3-5 minə alınan maşın Bakıda rüsumların sayəsində 15 mindən baha qiymətə satılır. Rüsumların sayəsində bir maşının qiyməti Azərbaycanda satışa çıxana qədər 3-4 dəfə bahalaşır. Avropaya inteqrasiya edirik, ancaq Avropanın maşınları Gürcüstana gəlir”.

Elməddin Muradlı 

Ekspert bildirib ki, məsələ nəqliyyat təhlükəsizliyi baxımından da önəmlidir:

“Biz Azərbaycanda nəqliyyat təhlükəsizliyindən danışırıq. Deyirik ki, köhnə avtomobillər istismardan yığışsın. Çünki köhnə avtomobillərdə yol-nəqliyyat hadisəsi baş verən zaman ölüm təhlükəsiz yüksək olur. Normalda yüngül xəsarətlə sovuşmalı olan hadisələrdə belə, ölümlə rastlaşırıq. Çünki maşın bərbad vəziyyətdədir, təhlükəsizlik elementləri sıfırdır. Cənab prezident ötən ilin dekabr ayında yol hərəkətinin təhlükəsizliyinə dair 5 illik dövlət proqramı təsdiq edib. Həmin proqramda da göstərilir ki, köhnə avtomobillər yığışdırılsın, yeni avtomobillərin gətirilməsi üçün stimullaşdırma yaradılsın. Xüsusilə də orada hibrid avtomobillər qeyd edilib. Artıq yeni ildən 5 ay gedib. Aidiyyəti qurumlar bu istiqamət üzrə nə iş görüblər? Yenə də insanlar rüsumlardan narazılıq edirlər. Ona görə də insanlar məcburdur ki, gürcüstanlıya etibar edib, onun adına maşın alsın. Bəziləri tanımadıqları gürcünün adına maşın alır. Yaxşı, həmin gürcünün başına bir iş gəlsə, vətəndaş gürcünün ailəsindən yenidən etibarnamə ala biləcəkmi? Yaxud da gürcü etibarnaməni ləğv edərsə nə olacaq? Bir şey ki, Azərbaycanda bu cür hadisə baş verir. Dəfələrlə olub ki, azərbaycanlı digər azərbaycanlıya verdiyi etibarnaməni maşının pulunun ödənilib bitməyinə 1000-2000 manat qalmış ləğv edib. Ona görə də aidiyyəti qurumlar rüsumlarla bağlı bir də düşünməlidir”.

Ekspert söyləyib ki, bu avtomobillərdə sığorta məsələsi da problemlidir:

“Azərbaycanlı Gürcüstanda sığortasız maşın sürə bilməz. Çünki sərhəddən keçən kimi tələb olunur ki, avtomobil sığorta edilsin. Orada zamandan asılı olaraq müxtəlif qiymətə sığorta etdirmək mümkündür. Azərbaycanda isə bu sistem də tam qurulmayıb. Biabırçılıq da odur ki, məsələn, taksi kimi fəaliyyət göstərən gürcü nömrəli maşını sonradan axtarıb tapmaq çətin olur. Sərnişinin əgər maşında hansısa əşyası itirsə, sonra həmin avtomobilin nömrəsini yadında saxlayıb, maşını tapa bilmir. Bundan istifadə edib, insanları qarət edən taksi sürücüləri də olub. Əvvəl yol hərəkəti qaydalarını çox kobud şəkildə pozurdular. Qəsdən radarlarda sürəti artırırdılar. Yol polisi bunun qarşısını aldı. İndi sürücü gedib Gürcüstanda maşının nömrəsini dəyişsə belə, yol polisi yenə də onu tapa bilir. Bu dəqiqə 40-50 min manat cərimə borcu olan gürcü nömrəli maşınlar var ki, cərimə meydançasında çürüyür. Bunu da azərbaycanlılar ediblər. Düşünüblər ki, nömrə radara düşmür, indi də qalıb ortalıqda. Bütün bunlara rəğmən düşünürəm ki, Gürcüstandan gətirilən avtomobillərə güzəştlər etmək, normal qaydalar yaratmaq lazımdır. Çünki rüsumları onsuz da aşağı salmayacaqlar. Gətirilən maşınların qarşısını almaq isə ciddi gərginlik yarada bilər. İstəməzdim ki, gələcəkdə kimsə ortaya çıxıb, bu cür avtomobillərin ölkədə qalma vaxtını azaltsın, yaxud da buna bənzər addım atsın. Bu, ciddi problemə səbəb olar. Gürcüstanda qeydiyyatda olan avtomobilə Azərbaycanda da texniki baxış, sığorta şamil edilməlidir. Bu cür olarsa, ölkədə normal vəziyyət yaratmaq olar. Başqa cür isə alınmaz. İnsanları sıxmaq fayda verməz. 3 minə Gürcüstanda olan maşın Azərbaycanda 15 mindirsə, belə çıxır ki, avtomobilin oturacaqlarını burada timsah dərisindən edirlər. Ya da qapılarına qızıl vururlar. Başqa ağıla nə isə gəlmir...”

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR