Bakıda avtobuslarda nağdsız ödəniş üçün yeni mobil tətbiq hazırlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobuslarda nağdsız ödəniş üçün hazırladığı yeni mobil tətbiqini təqdim edib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,təqdimat mərasimində çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək.
“Mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, “BakıKart”ın balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün mobil nömrə və şifrə kifayətdir. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin, istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir”, - deyə o qeyd edib.
“BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı ilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstifadəçilər yalnız qeydiyyatdan keçdiyi mobil nömrə və şifrə daxil etməklə mobil tətbiqdən yararlana bilərlər. “BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və yaxud qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək olar”, - deyə A.Rzayev əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət