Bakı yolları bu gün tıxacdan qurtuldu – Müvəqqəti
Məktəblərin 5 günlük tətili Bakı yollarının boşalmasına səbəb olub.
Axar.az xəbər verir ki, ənənəvi olaraq həftənin 1-ci günləri Bakının əksər yollarında avtomobil sıxlığı və tıxaclar müşahidə olunurdu. Xüsusilə səhər saatlarında sıxlıq daha dözülməz həddə çatırdı. Bu gün də həftənin 1-ci günü olmasına baxmayaraq, yollarda sıxlıq müşahidə edilmir.
Yollardakı avtomobil sayının da səhər saatlarında az olduğu hiss olunur. Ənənəvi olaraq avtobus və metroda yaşanan sərnişin sıxlığı da bu gün qeydə alınmayıb. Məktəblərin beşgünlük tətili Bakı yollarının bir neçə günlük də olsa, rahat nəfəs almasına şərait yaradıb.
Xatırladaq ki, 2019-2020-ci tədris ilinin beşgünlük tətili 16-20 noyabr tarixlərini əhatə edəcək. Noyabrın 21-də dərslər başlayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət