Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti üç ay müddətinə dayandırılır - RƏSMİ
Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, qatarlar avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq.
Buna görə də qeyd olunan müddət ərzində Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək.
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə mane törədir. Bu səbəbdən köhnə körpü söküləcək və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa olunacaq.
Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə biləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət