Elşad Hacıyev: 'Cinayətə meylli şəxslər təkcə özlərinin yox, həm də ailə üzvlərinin “tərcümeyi-hal”ını…
“Cinayətə meylli şəxslər təkcə özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladalarının “tərcümeyi-hal”ını ləkələyirlər. Bu ləkə ömür boyu onları təqib edir.”
"Report"un xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata keçirməkdə məqsəd ona yönəlib ki, cinayətə meylli şəxslərə ibrət olsun, bu əməllərdən çəkinsinlər.
E.Hacıyev vurğulayıb ki, ötən il paytaxtda qeydə alınan cinayətlərin statistikası açıqlanıb:
“Qeydə alınan hər bir cinayət faktı üzrə nə qədər insan əziyyət çəkib və bir ömür boyu birinin qeyri-insanı düşüncəsi ucbatından zərərçəkmişə çevrilib. İndi baxaq, məsuliyyətə cəlb olunanlar, özü ilə bərabər nə qədər cinayətlə əlaqəsi olmayan doğmalarına ziyan vurub, onları sarsıdıb. Bunu həmin şəxslər nəzərə alırmı? Mübahisəlidir. Anlaqlı şəxs ictimai təhlükəli əməlinin nəticəsini görməli olduğu halda görmürsə, bu, onun mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlıdır.”
Xidmət rəisi əlavə edib ki, məsələn, mülkiyyət əleyhinə olan cinayətlərdə əgər cinayətə meylli şəxslər başqasının alın təri ilə qazandıqlarını talamağı qarşısına məqsəd qoyub özünü və yaxın ətrafını xoşbəxt edəcəcəyini düşünürsə, yanılırlar:
“Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər. Əmin olsunlar ki, geci-tezi var!”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət