Bakı müharibə “çağırışı”na niyə getmir? - Ekspert
Politoloq İlqar Vəlizadənin Axar.az-a müsahibəsini təqdim edirik:
- Ermənistan Baş naziri Nikol Paşinyan BMT-də çıxışı zamanı Qarabağ konfliktinə toxundu. Paşinyan İlham Əliyevə “çağırış” da etdi və Qarabağın guya ərazi konflikti olmadığını dedi. Paşinyanın bu çağırışının səbəbi nə idi?
- Ermənistan baş nazirinin məntiqini anlamaq çətindir. Çünki ardıcıllıq yoxdur. Bütün hallarda Paşinyanın çıxışları siyasi konyukturaya hesablanıb.
Paşinyanın bir müddət əvvəl “Dağlıq Qarabağ Ermənistandır” deməsi ondan xəbər verir ki, Ermənistan Dağlıq Qarabağa göz dikib və ya bu torpaqları öz ərazisi sayır. Burada açıq-aşkar ərazi iddiaları var. Erməni ekspertlər buna başqa don geyindirməyə çalışsalar da, Paşinyanın sözləri bunu inkar edir.
İndi isə Paşinyan başqa fikirlər səsləndirir. Bu çıxışlar yəqin ki, auditoriyaya hesablanıb. Paşinyan başa düşür ki, auditoriya ondan başqa şey eşitmək istəyir, erməni baş nazir də onlara uyğun öz ritorikasını qurur. Eyni zamanda, Ermənistanda və Dağlıq Qarabağda yaşayan erməni auditoriyasının da məsələyə baxışları bir-birindən fərqləndiyi üçün Paşinyan onlara mesaj ötürür. Ona görə də onun çıxışları arasında ardıcıllıq yoxdur.
Erməni baş nazirin çıxışlarına dərhal reaksiya da vermək düzgün olmazdı. Çünki tarix onu göstərir ki, erməni rəhbərlərinin özünü təkzib edən çıxışları artıq normaya çevrilib. Bu da Ermənistanda daxili ziddiyyətlərdən xəbər verir.
- Maraqlı məqam odur ki, Paşinyan hakimiyyətə sosial-iqtisadi problemlərin fonunda gəlib, amma nədənsə əsas vurğusunu Qarabağla edir...
- Bildiyiniz kimi, gələn il Qarabağda qondarma prezident seçkisi keçiriləcək. Paşinyanın əsas məqsədi indiki dönəmdə öz adamını ora yerləşdirərək, bölgəni ələ keçirməkdir. O, bütün qüvvəsi ilə Qarabağ klanını tamamilə oyundan kənarlaşdırmağa çalışır. Paşinyan bilir ki, xaricdə bunu deməklə Qarabağla bağlı problemlər həll edilməyəcək. Onun əsas məqsədi xaricdə, xüsusilə də ABŞ-da yaşayan diaspordan dəstək almaqdır.
Onsuz da Paşinyanın hakimiyyətə gəlməsində diasporun rolu böyükdür. Belə ki, Ermənistanda keçirilən inqilablar zamanı Paşinyana xaricdən kifayət qədər maliyyə transferi olub, bu da hərəkatı gücləndirib. Bu transferlərin böyük bir hissəsi ABŞ-dan gəlmişdi. Görünən odur ki, indinin özündə də Paşinyana maliyyə dəstəyi lazımdır. Paşinyan anlayır ki, Ermənistan siyasi səhnəsində tam qələbə çalmaq üçün Qarabağdakı separatçı quruma da öz adamlarını yerləşdirmək lazımdır.
- Görünən odur ki, Paşinyan Ermənistan daxilində özünün dayaqlarını möhkəmlətmək üçün Bakıdan yararlanmağa çalışır?
- Nikol Azərbaycan faktorundan istifadə etməklə göstərmək istəyir ki, guya Azərbaycan sülh istəmir, bizimlə müharibə olduğuna görə külli miqdarda pullar xərclənir və s. Paşinyan demək istəyir ki, o, Dağlıq Qarabağ diskussiyasını digər müstəviyə çəkmək niyyətindədir. Yəni guya Ermənistan məsələni daha çox hərbi yox, siyasi müstəviyə çəkməyə çalışır, amma Azərbaycan buna mane olur. Paşinyan məsələni özünə sərf edən tərzdə beynəlxalq auditoriyaya təqdim edir. Nəticə etibarilə burada əsas məqsəd Ermənistanın işğalçı siyasətinə yeni don geyindirməkdir. Ermənistan istənilən yolla Dağlıq Qarabağı öz əlində saxlamağa çalışır. Bu, işğalçılıq siyasətinin əsas məqsədidir. Paşinyanın bu mənada köhnə hakimiyyətlə arasında heç bir fərq yoxdur. Amma iki qüvvənin metodlarda müəyyən fərqlər mövcuddur. Bu da müəyyən ziddiyyətlərə gətirib çıxarır.
- Siz Qarabağda möhkəmlənməkdən bəhs etdiniz. O zaman belə çıxır ki, Paşinyanın güc strukturları rəhbərlərini istefaya göndərməsi də bununla bağlıdır. Yəni Paşinyan devrilməkdənmi qorxur?
- Paşinyanın güc strukturlarından gözləntiləri fərqli idi. Maraqlar konflikti nədən əmələ gəlib? Əvvəla bu konfliktin kökündə 1 mart “Köçəryan işi” dayanır. Köçəryan burda mərkəzi fiqurdur. Onunla bağlı aparılan proses və onun nəticələri Paşinyanı qane etmir. Paşinyan yerli məhkəmə sistemi ilə üz-üzə qalıb. O, qaydaları pozmaq istəyirdi, amma güc strukturları fəaliyyətlərində bu və ya digər şəkildə məhkəmə-hüquq sisteminə arxalanırlar. Yəni bu şəxslər ölkədəki situasiyanı gözəl bildikləri üçün sabahısı gün vəziyyət dəyişəcəyi təqdirdə özlərinə problem formalaşdırmaq istəmirlər. Paşinyanın açıqlamaları göstərir ki, Vanetsyan ona verilən sifarişlərlə hüquqi sistemi poza bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Nəticədə bu ziddiyyət dərinləşib və sonda Vanetsyan istefaya gedib. Eyni zamanda İrəvan polisinin başçısı da istefaya göndərilib. Doğrudur, o, sonradan Paşinyanın köməkçisi vəzifəsinə gətirilib, amma bu, bütün hallarda onların arasındakı ziddiyyətlərdən xəbər verir.
Ermənistan Konstitusiya Məhkəməsi indi də Köçəryanın işində Paşinyandan fərqli mövqe nümayiş etdirir. Bu, Konstitusiya böhranı əlamətlərinin göstəricisidir. Paşinyan bir neçə dəfə cəhd göstərib ki, hüquqi şərtləri öz xeyrinə dəyişdirsin, amma buna nail ola bilməyib. O, güc strukturlarının qarşısında tələb qoyur ki, Qarabağ klanına təzyiqləri artırsın və daha destruktiv addımlar atsın. Digər tərəfdən, bütün bunlar mövcud hüquqi sistemin effektivliyini aşağı salır, yəni mövcud hüquqi sistem çərçivəsində bu sifarişləri icra etmək olmur. Ziddiyyətlər artdıqca Paşinyan məsuliyyəti güc strukturlarının üzərinə atmağa çalışır. Baş nazir göstərmək istəyir ki, köhnə rejimlə mübarizə güc strukturlarının lazım olan addımları atmaması ucbatından zəifləyir.
- Amma belə bir xaosun yaşadığı dönəmdə Ermənistanda genişmiqyaslı hərbi təlimlər keçirilir. Həm Azərbaycan tərəfindən verilən son bəyanatlar, həm də Ermənistanın siyasi elitasının Qarabağla bağlı verdiyi açıqlamalar Qarabağda savaş ehtimalı və Paşinyanın devrilmə ehtimalını yüksəltmirmi?
- Əlbəttə, hər zaman belə ehtimallar var. Lokal savaş da olsa, bu, daxili siyasi arenada özünü göstərəcək və indiki hakimiyyət bunu başa düşür. Çünki nə qədər ki danışıqlar prosesində irəliləyiş yoxdur, hərbi ssenarinin reallaşması hər an baş verə bilər. Təlimlər də göstərir ki, artıq Ermənistan tərəfi müəyyən dərəcədə ehtiyat edir və müharibəyə hazırlıq görür. Ermənilər qorxur ki, növbəti Aprel müharibəsi daxili siyasi palitranı mürəkkəbləşdirə və köhnə hakimiyyətin revanşını gücləndirə bilər. Amma iş orasındadır ki, biz bunu istəmirik. Azərbaycan istəmir ki, hansısa siyasi və ya hərbi hərəkətindən Ermənistan daxilindəki qruplaşmalar öz xeyrinə istifadə eləsin, erməni provokasiyası reallaşsın və biz buna cavab vermək məcburiyyətində qalaq. Bu hadisələr, cəbhədəki qeyri-müəyyənlik onu göstərir ki, bu vəziyyətdən Ermənistandakı mövcud siyasi qüvvələrin hər ikisi istifadə edə bilər. Məsələyə bu prizmadan yanaşsaq, istisna etmək olmaz ki, bu hərbi təlimlər təkcə Azərbaycandan olan riskləri azaltmağa yox, daxili auitoriyaya yönəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət