Nizami Rayon İcra Hakimiyyəti mərkəzi küçə və prospektlərə baxan bina və balkonlarda paltar asmaq üçün…
Nizami Rayon İcra Hakimiyyəti mərkəzi küçə və prospektlərə baxan bina və balkonlarda paltar asmaq üçün nəzərdə tutulan iplərin yığışdırılmasına start verib.
Dünəndən etibarən rayonun Qara Qarayev prospektində yerləşən hündürmərtəbəli binalardan paltar asılan iplər yığışdırılır.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən Axar.az-a faktı təsdiqləyərək bildiriblər ki, proses davam edir.
İcra nümayəndəsinin sözlərinə görə, bununla bağlı Nizami rayonu da daxil olmaqla, bütün icra hakimiyyətlərinə balkonlarda görünən iplərin yığışdırılması tapşırığı verilib:
“Nizami Rayon İcra Hakimiyyəti olaraq, işlərə çoxdan start vermişik. Sakinlərlə danışıqlar apararaq həll edirik. Bir çoxları razılıq verir, narazı olan sakinlərə də ətraflı məlumat verir. Tez bir zamanda əsas prospekt və küçələrə baxan binalarda paltar asmaq üçün olan iplər yığışdırılacaq.
Sakinlərin də bunu anlayışla qarşılamasını istəyirik. Bu cür addımlar şəhərin gözəl görüntüsü naminədir”.
Qeyd edək ki, artıq bir müddətdir Bakı İcra Hakimiyyəti paytaxtın əsas küçə və prospektlərdə yerləşən binaların eyvanından paltar asmağı qadağan edib.
Xatırladaq ki, balkona paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət