Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulub
Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dəmir yolu layihələrindən danışan ölkə başçısı xatırladıb ki, keçən il Bakı–Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. “Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə biz demək olar ki, Şərq-Qərb dəhlizini işə saldıq. Ələt limanının fəaliyyətə başlaması demək olar ki, bu zənciri belə tamamladı. İndi biz digər layihələr üzərində işləyirik. Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi icra edilir. Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə də başlamalıyıq. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizini daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək.
Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir. Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur. Belə olan halda hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər. Ən qabaqcıl firmaların sərnişin qatarları da alınır”,- deyə Prezident bildirib.
Mənbə: azertag.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət