Yeni sənədlər tapılıb
Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib.
Bulvar İdarəsindən Trend-ə verilən məlumata görə, tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir.
Məhz 7 aprel 1909-cu ildə Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır. Aprelin 9-da “Kaspi” qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. Hacınski çıxışında əsaslandırırdı ki, iqtisadi cəhətdən də sərfəlidir - yeni salınacaq dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşkləri şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gəlir gətirəcək. Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq, bu layihənin icrasına 10 min rubl ayırır. M.Hacınskinin bu layihəsi Bulvarın salınması tarixində ilk maliyyələşdirilmiş sənəd idi.
Qeyd edək ki, bu il Dənizkənarı bulvarın yaradılmasının 110 ili tamam olur. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət