Bakı Beynəlxalq Teatr Konfransında 40-dan çox ölkədən 110 xarici qonaq iştirak edəcək
Noyabrın 5-də Bakıda növbəti dəfə Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında reallaşacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuat konfransında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov deyib.
Bildirilib ki, konfrans Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na əsasən təşkil olunacaq.
İ.Hümbətov əlavə edib ki, konfransa 40-dan çox ölkədən 110 xarici qonaq qatılacaq. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.
Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək konfransın rəsmi açılış mərasimində Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxamın (Birləşmiş Ərəb Əmirlikləri), UNESCO-nun Sülh Artisti Əli Mahdinin (Sudan), Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutarın (Sloveniya), GİTİS Universitetinin rektoru Qriqori Zaslavskinin (Rusiya), Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardinin (Cənubi Afrika Respublikası) və digər qonaqların çıxışı gözlənilir”, - deyə İ.Hümbətov söyləyib.
Bakı Beynəlxalq Teatr Konfransının icraçı katibi Şaiq Səfərov bildirib ki, artıq beşinci dəfə təşkil ediləcək konfransda dünyanın müxtəlif ölkələrindən- ABŞ, Kanada, Meksika, Almaniya, Fransa, İtaliya, Avstriya, Serbiya, Yunanıstan, Slovakiya, Sloveniya, Bolqarıstan, Türkiyə və digər ölkələrdən tanınmış mədəniyyət, incəsənət, elm xadimləri iştirak edəcəklər. İki gün davam edəcək konfransda bir sıra diskussiyalar aparılacaq, ustad dərsləri təşkil olunacaq, müxtəlif tamaşalar təqdim ediləcək.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət