“Bakı-Ankara münasibətləri: müasirliyə çevrilmiş tarix”
Multimedia Mətbuat Mərkəzində politoloqların və tarixçilərin iştirakı ilə “Bakı-Ankara münasibətləri: müasirliyə çevrilmiş tarix” mövzusunda “dəyirmi masa” keçirilib. SİA xəbər verir ki, Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi icmalçı Rizvan Hüseynov bildirib ki, bu gün Azərbaycanda və bölgədə ən çox müzakirə olunan mövzulardan biri Türkiyə-Azərbaycan münasibətləridir. İqtisadi sahədə artan əməkdaşlıq, genişlənən hərbi-texniki əlaqələr möhkəm tarixi əsaslara söykənir.
R.Hüseynov, eyni zamanda, regionda cərəyan edən siyasi proseslərə aydınlıq gətirib. O qeyd edib ki, ermənilər tarixi siyasi ənənələrinə sadiq qalaraq özlərinə yeni havadar axtarışına çıxıblar. Rusiyadan arzuladıqları dəstəyi görməyən ermənilər artıq özlərinə siyasi tərəfdaş kimi Qərbi görürlər.
Azərbaycan-Türkiyə tarixi əlaqələrinə toxunan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova isə bildirib ki, 100 il bundan əvvəl böyük dövlətlərin Cənubi Qafqaz regionu ilə bağlı böyük maraqları var idi. İmperiyaların regionda apardıqları siyasi oyunlarla yanaşı, ermənilər də yeni dövlət qurmağa çalışırdılar. Bütün proseslər isə bu gün olduğu kimi, 1918-ci ildə də Dağlıq Qarabağ bölgəsində aparılırdı. Belə ki, kütləvi qırğınlar Dağlıq Qarabağdan başladılaraq Azərbaycanın digər regionlarına yayılırdı. Bu qırğınların qarşısını almaq üçün isə Azərbaycanın hərbi gücü yox idi. Bu səbəbdən Azərbaycan hərbi köməyi Osmanlı dövlətindən istədi.
Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi müraciəti əsasında Osmanlı dövləti yardıma gəldi. “Bizim məqsədimiz Bakıdır” çağırışı ilə Qafqaz İslam Ordusunun Azərbaycanı xilasetmə əməliyyatı Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan, Şamaxı döyüşlərindən keçdi.
AMEA Tarix İnstitutunun şöbə müdiri Natiq Məmmədzadə regionda gedən siyasi proseslərə nəzər salıb. O qeyd edib ki, bu gün Türkiyə ilə Rusiya arasında siyasi və iqtisadi yaxınlaşma mövcuddur. Ermənistan bu yaxınlaşmadan narahatdır. Rəsmi Yerevan bu yaxınlığın strateji tərəfdaşlığa çevriləcəyindən qorxur.
Daha sonra “dəyirmi masa” müzakirələrlə davam edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət