Badamdar və Əhmədlidə subasma
Dünəndən Bakıda yağan güclü yağış paytaxt küçələrində xeyli problemlər yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öncədən havanın kəskin yağıntılı olacağı ilə bağlı verilən proqnozlara baxmayaraq, paytaxda heç bir qabaqlayıcı tədbirlər görülməyib. Əsasən, paytaxt küçələrində subasma halları qeydə alınıb. Bəzi ərazilərdə isə kanalizasiya sistemlərinin yaxşı işləməməsi müşahidə olunub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata görə, bir neçə ərazidə qısamüddətli subasma halı olub:
“Problem yağışların intensiv olduğu bir vaxtda baş verib. Hazırda isə şəhərdə vəziyyət sabitdir. Bütün kanalizasiya xətləri və digər sistemlər işləyirlər. Kanalizasiya sistemlərində tutulma olmayıb. Səhər saatlarından briqadalarımız küçələrdə subasma yarana biləcək yerlərə baxış keçiriblər. Heç bir yerdə bu fakt qeydə alınmayıb.
Mətbuatda bir neçə yerdə subasma halları olması barədə yayılan məlumatlara gəlincə, ASC-dən bildiriblər ki, bu, yağışın intensiv düşdüyü zaman olub, sonradan isə su çəkilib:
“Ümumiyyətlə, bizim sistemlər tam normal fəaliyyət göstərir, tam gücü ilə işləyir. Heç bir problem yoxdur. Hər yer tam təmizlənib”.
Qurumdan o da deyilib ki, qısamüddətli subasma Səbail rayonunda Badamdar və Əhmədli ərazilərində olub:
“Səhər aidiyyəti qurumlarla əlaqə saxladıq. Bütün yerlərə baxış keçirilib. Böyük subasma ərazisi qeydə alınmayıb. Artıq yağış kəsib. Hazırda da bütün işçilərimiz hazır vəziyyətdir. Əgər bir problem yaranarsa, vaxtında lazımi tədbirlər görüləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət